Qarabağdakı separatçılar arasında münaqişə: Azərbaycan bundan necə faydalanmalıdır? – Səxavət Məmməd yazır

Bizdə bəzən deyirlər ki, Qarabağdakı ermənilər Arayik Arutyunyanla Ruben Vardanyandan qorxurlar, ona görə də Azərbaycanın təkliflərinə müsbət reaksiya vermirlər. Bu fikirlə haradasa razılaşmaq olar. Məsələ ondadır ki, Qarabağda yaşayan ermənilər təkcə separatçı rejimin əsirləri deyillər. Təmassızlıq ən böyük problemlərdəndir.

Təmasın olmaması müsbət nəticə vermir, verməsi də inandırıcı deyil. Təmasın baş tutmasına mane olan qüvvə təkcə separatçılar da deyil, Rusiya sülhməramlıları da suyun qarşısını kəsən div rolunu oynayır. Birbaşa təmasın olmaması dolayı yollarla həll edilməyə çalışır ki, bu da vaxt aparır. Vaxtın uzanması isə Rusiyanın xeyrinədir.

Araik Arutyunyanla Ruben Vardanyan birləşib Vitali Balasanyanı kənarlaşdırdılar. Bunu daha çox hakimiyyət uğrunda savaşın nətiəsi kimi qiymətləndirənlər çox oldu.

Məsələ ondadır ki, Vitali Balasanyan Arutyunyan və Vardanyandan ermənilər arasında daha çox avtoriteti olan şəxsdir. Əsas məsələ isə hərbi güc onun əlində idi və ona sadiq olan silahlılar daha çoxdur. Bunun özünün də səbəbləri var. Çünki Qarabağ müharibəsinin aktiv birinci fazasında Vitali Balasanyan qalib tərəfdə idi və bu hörməti qazanmışdı. Ruben Vardanyan kimi hörməti pulla almayıb. Millət vəkili Aqil Abbasla söhbət zamanı belə bir cümlə işlətdi: “Vitalinin qorxduğu tək adam Allahverdi Bağırov idi. Vitali Allahverdidən it ağacdan qoran kimi qorxurdu və Allahverdinin ölümündən sonra əli-qolu daha çox açıldı”.

Vitali Balasanyan niyə göndərildi?

Hesab edirəm ki, Vitalinin yola salınması hakimiyyətdaxili savaş deyil. Düşünülmüş, planlaşdırılmış ağıllı addımdır. Vitali separatçı rejimdə qalsaydı və hansısa təxribat baş versəydi, bunun məsuliyyəti Arayik və Rubenin üzərində qalacaqdı. Təbii ki, nəticəsinə qatlaşmalı idilər. Məlum ikili Vitalinin silahlı dəstənin tərkibindəki adamlarının sayını və sadiqliyini nəzərə alaraq bu addımı atıb özlərini də sığortalayırlar. Necə? Gərginliyi daha da artırmaq üçün təxribat törədilir, Azərbaycan ordusu buna cavab verir. İkilinin əlində məsuliyyət yükləyəcək şəxs Vitali Balasanyan olur. Əminliklə demək olar ki, ikili “ordunun içərisində onlara tabe olmayan qüvvələr bu addımı atıb” tipli bəyanat verəcəklər. Bunu ictimaiyyətə vəzifədən uzaqlaşdırılmanın qisası kimi təqdim edəcəklər. Beləcə ermənilərin milli qəhrəmanı günah keçisi olacaq. Hesab edirəm ki, Vitali də bunun fərqindədir. Vitali Balasanyan həm də onun fərqindədir ki, gərginlik və təxribat onların sonunu gətirəcək. İndiki məqamda Azərbaycan tərəfi hansısa güzəştə gedəcəkdisə, təxribatdan sonra bu da olmayacaq. Hərbi əməliyyat baş verdikdən sonra Azərbaycan tərəfi indiki kimi humanist olmayacaq, şərt qısa-konkret bu şəkildə olacaq: “Ya vətəndaşlığımı qəbul elə, yaşa, ya da rədd ol, harada istəyirsən, orada yaşa”.

Bundan sonrakı mərhələdə separatçı rejim əlindən gəldiyi qədər gərginliyi artırmağa davam edəcək. Rusiya Rubeni, Ruben də Rusiyanı inkar etsə də, əslində, sifarişçi Rusiya, yerinə yetirən də Rubendir.

Hesab edirəm ki, Rusiya ilə Rubenin oyunları mart-aprel ayına qədər bu şəkildə davam edəcək. Yəni Azərbaycan bu müddətə qədər dözəcək, göz yumacaq. Ancaq gərginlik bu şəkildə davam edəcəksə, ehtimal ki, Azərbaycan lokal hərbi əməliyyatlar keçirməyə məcbur olacaq.

Əməliyyatlar üçün təkcə təxribat da təkan olmaya bilər. Misal üçün, Azərbaycan tərəfi bir bölgədə ermənilərlə elə bir şəkildə işləyə bilər ki, ordunun əraziyə girməsi erməni xalqının sifarişi ola bilər. Beləcə Azərbaycan həm ərazini işağldan azad etmiş olacaq, həm də xilaskar orduya çeviləcək. Yeri gəlmişkən, Türkiyə təcrübəsində bunun şahidi olmuşuq. Türkiyə ordusu Suriyada terrorçulardan ərazini təmizləyəndə xalq onları xilaskar kimi qarşılayırdı. Bu həm də ordunun dünyadakı imcinə də müsbət xal qazandıracaq.

Əslində, erməni xalqının sifarişi separatçı rejimin də, Ermənistanın da, Fransanın da əl-qolunu bağlamış olacaq. Ola bilsin, indiki məqamda bu, fantastika kimi görünə bilər, ancaq mümkünsüz bir şey yoxdur.

Niyə?

Çünki Qarabağdakı erməni əhalisini Ruben Vardanyan özü belə 3 kateqoriyaya bölmüşdü. Birincilər şəhər əhalisi, ziyalı təbəqə – onlar qaçmağa daha çox meyillidir. İkincilər silahlı dəstə ilə əməkdaşlıq edirlər. Onların çörəyi münaqişədən çıxır. Üçüncülər isə şəhər kənarında, kəndlərdə yaşayanlardır ki, onlar üçün hansı dövlətin vətəndaşı olmaları maraqlı deyil. Azərbaycanın hədəfi və xüsusi xidmət orqanlarının işləməli olduğu kəsim də məhz üçüncülərdir. Azərbaycan onları razı sala, özünü cazibədar göstərə bilsə, proses təsəvvür etdiyimizdən də asan və rahat keçə bilər. Bunu separatçı rejim də, ruslar da bilirlər. Ona görə də təmasın olmasına şərait yaratmırlar.

Proseslər dalana dirənsə də, şanslar tükənməyib.

COP29