“Qarabağ”dan iki rəsmi transfer – FOTO

“Qarabağ” 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib.

Yenicag.az klub saytına istinadən xəbər verir ki, komanda xorvatiyalı futbolçu Filip Ozobiçi sıralarına qatıb. 27 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb.

“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb.

“Qarabağ”ın yeni transferi Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.

Ağdam klubu bu gün gənc futbolçu Rahil Məmmədovu da heyətinə qatdığını açıqlayıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib.

Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.

COP29