“Qarabağdan rus ordusu çıxarılsa, iki ölkə arasında sülh olacaq” – ŞƏRH

“Qafqazda sülhün bərqərar olması Rusiyanın buradan tamamilə getməsinə bağlıdır”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ordusunun bu ölkədəki fəaliyyətinin təhlükələr yaratması barədə çıxışı  haqqında danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiyanın bölgədə olması Azərbaycan, Gürcüstan və Ermənistan üçün təhlükəlidir:

“Rusiya kimi ölkənin başqa bir ölkənin ərazisində olması həmin ölkə üçün təhdiddir. Azərbaycan müstəqillik qazandıqdan sonra həm Qarabağ məsələsini qarşıya qoymuşdu, həm də rus ordusunun çıxarılması. Rus ordusunun çıxarılması müstəqilliyin ilk illərində, əsasən, baş verdi və Azərbaycanda sonuncu rus ordusunun qalıqları 2012-ci ilin dekabr ayının 9-da Qəbələ RLS-dən çıxarılması ilə tamamlandı. Qəbələdəki RLS-də olan qüvvələr Azərbaycandakı bütün rus ordusunun tamamına bərabər idi. Onun çıxarılması o qədər də asan deyildi. Hər bir müstəqil ölkə istəyir ki, ərazisində başqa bir ölkənin ordusu olmasın. Zamanında Saakaşvili də bunu etdi.

Paşinyan da Qərb yönümlüdür. Ondan əvvəlki sələfləri Paşinyana elə bir miras qoyublar ki, onun altından çıxmaq çox çətindir. Paşinyan üçün Qarabağ da, rus ordusunun Ermənistanda olması da ağır mirasdır. Paşinyan bundan çıxış yolunu tapmaq istəyir. Bilir ki, erməni xalqına xas olan, kənardan maliyyələşdirilən silahlı dəstələr tərəfindən aradan götürülə bilər. Oradan rus ordusunun çıxarılmasına nail olunsa, eləcə də Qarabağdan rus ordusu çıxarılsa, iki ölkə arasında sülh olacaq.

O dövrdə Ermənistandakı hakimiyyət rus ordusundan istifadə edərək Azərbaycandan torpaq qoparmaq istəyirdi. İndi də Azərbaycan vəziyyətdən istifadə edib Ermənistanı çökdürmək istəyir. Hesab edirəm ki, bundan sonra sülh prosesinə rəvac verilməli, Gürcüstan vasitəçiliyi ilə üç qonşu ölkənin bir araya gəlməsinə, sülh müqaviləsinə doğru addımlar atılmasına, ümumiyyətlə, Qafqazda sülhə ehtiyac var. Savaş ritorikası ancaq Rusiya və İrana sərf edir. Türkiyənin, Avropa Birliyinin çağırışlarına baxılmalıdır. İki respublika bir-birinin üstünə getməməlidir ki, digərləri öz məqsədləri üçün bundan istifadə etməsin. Hər hansı üçüncü qüvvə öz marağını güdəcək”.

Səxavət Məmməd