!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağı Rusiyanın öhdəsinə buraxmaq? - "Bu müzakirələr nəticə vermir..." - Politoloq

!Reklam – Yazi

ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirilən görüşündə münaqişələrin həlli məsələsi əsas müzakirə mövzuları sırasında yer alıb. Burada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə predmeti olub. Tomas Qreminger verdiyi açıqlamada qeyd edib ki, uzun müddətdir davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də o, Rusiya ilə işləməyin vacib olduğunu söyləyib.

Görəsən, ATƏT rəsmisi tərəfindən səslənən bu fikirlər fonunda Qərblə Rusiyanın münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin həlli məqsədilə bir araya gəlməsi və nəhayət ki, birgə real addımlar atması mümkündürmü?

Məsələni Yenicag.az-a şərh edən siyasi icmalçı Azər Həsrətin fikrincə, hazırkı situasiyada birgə səylərin konfliktin həllinə töhfə verməsi müşkül olduğundan, məsələni Moskva ilə təkbaşına həll etmək daha məqbuldur:

“İstənilən halda münaqişə ətrafında müzakirələrin tərəfdarıyıq. İstər ATƏT çərçivəsində, istərsə də qurumun Minsk qrupunun həmsədrləri olan dövlətlərin rəhbər şəxsləri arasında münaqişənin həlli istiqamətində müzakirələr aparılmalıdır. Amma görünən odur ki, bütün bu addımlar konfliktin həllinə heç bir töhfə verməyib və verməyəcək. Hamımız bilirik ki, Ermənistan müstəqil dövlət deyil, onun ağası Rusiyadır. Yəni Rusiya hansı havanı çalsa, Ermənistan da onu oynayacaq. Əslinə qalanda, burada heç ATƏT-ə də ehtiyac yoxdur. Sadəcə, Rusiya özünü toparlayıb, nəhayət qərar verməlidir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından əl çəksin. Aydın məsələdir ki, Moskva hansı qərarı verəcəksə, Ermənistan da qeyd-şərtsiz olaraq ona əməl edəcək. ATƏT rəsmiləri Rusiya ilə görüşdə onu buna inandıra bilsələr, hər hansı bir nəticə gözləmək olar. Amma təcrübədən çıxış edərək bilirik ki, istənilən beynəlxalq qüvvə Moskvanı öz istəyindən geri çəkə bilmir. Ona görə də Rusiya öz bildiyini etməkdə davam edir. O baxımdan indiki şəraitdə hamının bildiyi bir gerçəklik var ki, Moskva olmasaydı, ümumiyyətlə, Ermənistan işğala əl ata bilməzdi. Bugünki Rusiya hakimiyyəti daha sivil davranaraq, əvvəlki prezidentləri dövründə edilən bu səhvi düzəltməlidir. Yəni Rusiya komanda verəcəyi təqdirdə Ermənistan torpaqlardan geri çəkiləcək. Əks təqdirdə, illərlə uzanan danışıqlar heç bir nəticə verməyəcək, necə ki, indiyə qədər nəticə verməyib.

Qərblə Rusiyanın münaqişələrin həlli üçün əməkdaşlıq edəcəyinə inanmıram. Onların arasında başqa alver var. ATƏT də daha çox Qərb dövlətlərinin maraqlarına xidmət edən təşkilatdır. Onlar bəzən Azərbaycanla danışıqlar aparıb, bizi nəyəsə inandırmağa çalışırlar. Lakin Rusiya məsələsində dərinə getmirlər. Çünki Rusiya qlobal gücdür və ATƏT-lə digər qlobal təşkilatların əslində, Moskvadan asılılığı var. Bu səbəbdən də guya münaqişəni həll etməyə səy göstərdikləri obrazını formalaşdırmağa çalışırlar. Əslində isə, Rusiya ilə hesablaşmaq məcburiyyətində qalırlar. Ona görə də “12 imama yalvarınca, bir Allaha yalvarmaq lazımdır”.

Məsələni münaqişənin səbəbkarı və işğalçının arxasında dayanan Rusiya ilə həll etmək gərəkdir. Burada Rusiyadan kənar üçüncü tərəfin, hətta Ermənistanın özünün belə iştirakı o qədər də önəmli deyil. Əsas məsələ problemi Rusiya ilə həll etməkdir”.

ELÇİN

www.yenicag.az

1572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv