“Qarabağı unutdurmaq üçün süni problemlərlə insanların başını qatırlar” – Tural Abbaslı

“Təhsil haqqına görə tələbəni universitetdən qovursansa, onun fikri istər-istəməz öz dərd-sərinə yönələcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə gündəminin artıq 6 aya yaxındır, 10 noyabr üçtərəfli bəyanatın “girov”luğunda qalmasına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, ya bilərəkdən, ya bilməyərəkdən cəmiyyətin gündəmindən çıxıb:

“Canlı efirlərdə olanda da görürük ki, Qarabağ mövzusuna diqqət azalıb. Digər məsələlərlə müqayisədə o mövzu müzakirə ediləndə izləyici sayı və reaksiyalar az olur.

Bu ola bilsin ki, hansısa dairələrin düşünülmüş addımıdır. Çünki insanların diqqətini daha böyük hədəflərdən kiçik problemlərlə yönəldərək başlarını qatırlar.

30 il müddətində əlilliyə görə müavinət alan adamın əlilliyini ləğv edirsənsə, təbii ki o adamın gündəmində birinci məsələ özünün problemi olacaq. Universitetdə tələbədən imtahan götürürsən, sualları tələbəyə vermirsənsə, təhsil haqqına görə tələbəni universitetdən qovursansa, onun fikri istər-istəməz öz dərd-sərinə yönələcək.

Əslində, üçtərəfli bəyanat bu gün Azərbaycanın əsas məsələsi olmalıdır. Bəyanat və ondan irəli gələn məsələlər diqqət mərkəzində qalmalıdır. Çünki bu, Azərbaycanın ərazi bütövlüyü, suverenlik məsələsidir.

Bəzi dövlət məmurları bu məsələdən diqqəti yayındırmaq üçün süni problemlər yaradırlar. Amma çalışmalıyıq ki, bu məsələ daim gündəmdə qalsın, müzakirə edilsin. Çünki əsl taleyüklü məsələmiz Qarabağdır”.

Səxavət Məmməd

COP29