“Qarabağ”ın bu dəfə bəxti gətirdi: “Komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər”
“Qarabağ” və Qurban Qurbanov, rəqibdən asılı olmayaraq, həmişə onlara ciddi yanaşaraq, qiymətləndirib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan futbol klublarının avrokuboklarda qarşılaşacağı komandaları dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, püşkatmada təmsilçilərimizdən ən rahat rəqiblər “Qarabağ”a düşüb:
“Komandanın heç vaxt püşklə bağlı bəxti gətirmir, hər il onlar ağır rəqiblərlə qarşılaşır, ən çətin rəqibəri adlayaraq, qrup mərhələsinə vəsiqə qazanmalı olurdu. Lakin “Qarabağ”ın bu dəfə bəxti gətirdi. Malta və Cəbəlütrariq təmsilçilərinin oyunundan qalib çıxan komanda ilə qarşılaşacaq. Hər iki komanda da “Qarabağın dişi”nə görədir. Komanda bu klubları rahatlıqla keçməlidir. “Linkoln” komandasını da ciddi rəqib hesab etmirəm. “Hamrun” bir qədər güclü komandadır. Onların keçən avrokuboklarda güclü rəqiblərə qalib gələrək müəyyən uğurlar əldə etdiklərini bilirik. Lakin nə olursa olsun hər iki komandanı “Qarabağ” rahatlıqla keçə bilər. Lakin “Qarabağ” və Qurban Qurbanov, rəqibdən asılı olmayaraq, həmişə onlara ciddi yanaşaraq, qiymətləndirib. Düşünürəm ki, komanda yaxşı futbolçular transfer edərsə, nəinki Avroliqa, yaxud Konfrans Liqası, hətta Çempionlar Liqasının da qrup mərhələsinə vəsiqə qazana bilər”.
K. Məstəliyev qeyd edib ki, “Zirə”nin artıq Avropada tanınmış, öz sözünü demiş, həmişə sabit və uğurlu çıxışı yadda qalan rəqibi “Şerif” heç də zəif klub deyil:
“Düşünürəm ki, “Zirənin işi çətin olacaq. Rəqib yetərincə güclüdür. Təbii ki, bu cütlükdən qələbəyə yaxın tərəf “Şerif”dir. Lakin bir məqam da var ki, “Şerif” əvvəlki “Şerif” deyil. Öz yerli çempionatlarında da qalib ola, kuboku qazana bilmədi. Performans baxımından o qədər də uğurlu deyil bu komanda. Bu, “Zirə”nin xeyrinə işləyə bilər. “Zirə”nin praqmatik oyun oynadığını nəzərə alsaq, komanda daha ehtiyatlı, rəqibin əks hücumlarda yaxalamağa çalışaraq, oyun oynayarsa, rəqibi üstələmək olar. Şanslar yox deyil. bu rəqibə qarşı oynamaq olar. Çətin olsa da, ümidisiz olmaq lazım deyil”.
Mütəxəssis əlavə edib ki, “Sumqayıt”ın rəqibi “Fehervar” “Sabah”ın rəqibi ilə müqayisədə nisbətən yaxşı rəqibdir:
““Sumqayıt” kiçik büdcəli oyunçularla qurulan, əlində olan imkanlardan maksimum yararlana bilən komandadır. Samir Abbasovun rəhbərliyi altında bu komanda yerli çempionatda “Neftçi” kimi bir klubu üstələdiyini gördük. Futbolçular bu mövsümdə yetərincə yaxşı təsir bağışladılar. “Fehervar” yaxşı komandadır. Kağız üzərində macarlar daha üstün tərəf kimi görünsələr də, düşünmürəm ki, “Sumqayıt” rahatlıqla təslim olacaq. Fikrimcə, komandanın turu keçmək şansı az deyil. Lakin bunun üçün komanda transferlər həyata keçirərək güclənməlidir.
“Sabah”ın rəqibi “Makkabi” də çox güclü komandadır. Püşkdə komandamızın bəxtinin gətirmədiyini deyə bilərik. İlk turdan belə bir rəqibin qarşımıza çıxması heç də yaxı hal olmadı. “Makkabi” də avrokubok döyüşçülərindən biridir. Onlar, “Qarabağ” istisna olmaqla, digər Azərbaycan klublarınə keçməyə qadir və hazır komandadır. Ona görə də, “Sabah”ın işi çətin olacaq. Lakin “Sabah”ın iddialar da böyükdür. Komandanın heyətində yetərincə yaxşı oyunçular var. Klubda komanda ruhu da formalaşmağa başlayıb. Üstəlik, komandanın büdcəsininn yaxşı futbolçular almağa da imkan verir. “Sabah”dan istər futbol cameəsi, istər də azerkeşlər çox şey gözləyir. Ona görə də belə klublara qarşı oynamağa hazır olmaq lazımdır”.
İsmayıl Bakuvi