Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qarabağın əvəzində nə? - “Rusiyanın bu şərtləri qəbuledilməzdir” – Politoloqlar həmrəydir

Reklam: High Technic

Rusiyanın Dağlıq Qarabağ ətrafındakı Ermənistanın işğal etdiyi 5 rayonun qaytarılması qarşılığında Azərbaycanın önündə qoyduğu şərtlər müstəqilliyə təhdid kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu özünün “Facebook” səhifəsində Rusiyanın Qarabağ münaqişəsinin həllinə dəstək əvəzində rəsmi Bakı qarşısında 3 ağır şərt qoyduğunu yazıb:

“Vladimir Putinin 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.
Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

Əslində, Rusiyanın Qarabağ münaqişəsinin həllinə təkan vermək üçün Azərbaycandan nə istədiyi heç kəsə sirr deyildi. O da aydındır ki, Azərbaycan Rusiyanın məlum və suverenliyə təhdid yaradan şərtlərini qəbul edəcək olsaydı, münaqişə də bu qədər genişlənərək, uzanmaz, onun həlli isə dalana dirənməzdi.

Rusiyanın qeyd olunan şərtlərini Yenicag.az-a dəyərləndirən millət vəkili Fərəc Quliyev bildirib ki, Azərbaycan Kremlin imperiya ambisiyalarından qaynaqlanan tələblərini qəti şəkildə rədd etməlidir:

“Bu məsələlər, o cümlədən həmin şərtlər zaman-zaman gündəmə gətirilir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın həmin şərtləri qəbul etməsi ölkənin müstəqilliyinin məhdudlaşdırılmasına gətirəcək.

Fərəc Quliyev

Yəni Azərbaycan Avrasiya İttifaqına qoşulmaqla özünün əsas iqtisadi rıçaqlarından məhrum olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq da Azərbaycana müsbət heç nə verməyəcək. Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi isə ümumiyyətlə, müzakirə mövzusu olmamalıdır.

Hər kəsə məlumdur ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini məhz Rusiyanın birbaşa dəstəyi və iştirakı ilə həyata keçirib. O cümlədən, Xocalı Soyqırımı da Rusiyanın 366-cı alayının iştirakı ilə törədilib.

Bu baxımdan, Rusiyanın şərtlərinin qəbul edilməsi məqbul deyil. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyünü öz gücü ilə bərpa etməlidir”.

Politoloq Elçin Mirzəbəyli də Yenicag.az-a açıqlamasında Azərbaycanın Rusiyanın “Qarabağ şərtləri”ni qəbul etməsinin mümkünsüz olduğunu deyib:

“Öncə bildirim ki, bu şərtlərlə bağlı məsələ heç də yeni deyil. Özüm də təqribən bir il əvvəl bu barədə fikir bildirmişəm və Rusiyanın həmin şərtlərinin qəbuledilməzliyini açıqlamışam.

Elçin Mirzəbəyli

Ehtimal üzərində gündəmə gətirilən bu şərtlərin sırasını genişləndirmək də olar. Yəni Rusiya o şərtlərdən başqa, Azərbaycan neft strategiyasını onunla razılaşdırmasını, sərhədlərin birgə mühafizəsini və sair də istəyir. Ancaq yenə deyirəm, bunlar rəsmi səviyyədə təsdiq olunmayan məsələlərdir.

Azərbaycanın o şərtlərə münasibətinin necə olduğunu isə rəsmi Bakının yürütdüyü siyasət açıq-aydın göstərir. Yəni Azərbaycan hakimiyyəti öz siyasəti ilə dövlətin milli maraqlarına zidd olan heç bir addım atmayacağını göstərib və göstərməkdədir”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan politoloq Əlabbas Məhərrəmov haqqında danışılan şərtlərin Rusiyanın Cənubi Qafqazda birdəfəlik möhkəmlənmək niyyətindən irəli gəldiyini deyib:

“Mətbuatin gündəmini zəbt edən bu tezislər uzun illərdir ki, öz həllini tapmayan Qarabag münaqişəsinin əsas səbəbkarının məhz Rusiya oldugunu bir daha təsdiqləyir.

Putinin qeyri-rəsmi sözçüsü sayılan Jirinovski və digərlərinin dilindən bu kimi fikirlər müntəzəm olaraq səsləndirilir. Bu mövqe Rusiyanın öz imperiya ambisiyalarından geri şəkilmədiyini göstərir.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi düşmən Ermənistanla yanaşı, onun siyasi patronu olan Rusiyanı da ciddi şəkildə narahat edir.

Ancaq Rusiya artıq başa düşməlidir ki, Azərbaycan xalqı öz müstəqilliyini hec bir halda qurban verəsi deyil. Çünki həmin şərtlər müstəqilliyimizin itirilməsinə, Azərbaycanın yenidən Rusiyanın nəzarətinə kecməsinə hesablanıb.

Rəsmi Bakı isə digər dövlətlərlə, xüsusilə qonşu ölkələrlə münasibətlərini qarşılıqlı faydalı əməkdaşlıq üzərində, ancaq milli maraqlarımızı hər zaman əsas götürərək qurur”.

A. Zeynalov

www.yenicag.az

2782
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM