“Qarabağ”ın növbəti rəqibi də indidən bəllidir

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibi də məlum olub.

Yenicag.az xəbər verir ki, Ağdam klubu ÇL-in növbəti mərhələsində “Kukesi” (Albaniya) – “Valetta” (Malta) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları isə iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də baş tutacaq.

“Qarabağ” “Olimpiya” səddini keçə bilməsə, Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparmaq məcburiyyətində qalacaq. Təmsilçimizin burada da hansı komanda ilə qarşılaşacağı indidən bəllidi. Belə ki, “Olimpiya” (Sloveniya) / “Qarabağ” (Azərbaycan) cütünün məğlubu Avroliqanın ikinci təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) / “Kruzeyders” (Şimali İrlandiya) cütünün məğlubu ilə üz-üzə gələcək.