Məlum olduğu kimi, dünən bəzi kütləvi informasiya vasitələrində məlumat yayılmışdı ki, Bakıda keçirilən “Qarabağ” – “Samtredia” matçı öncəsi bir qrup azarkeş ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhra haqqında pankart hazırlayıb, lakin polis əməkdaşları onları stadiona buraxmayıblar və buna görə də həmin azarkeş qrupun üzvləri matçı tərk ediblər.
İddiaların doğru olub-olmadığını öyrənmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxladıq.
Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirdi ki, bəli, dünənki oyunda belə bir fakt qeydə alınıb: “Əvvəla, onu deyim ki, öz xalqına və dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi 2 yaşlı Zəhra balamızın faciəsi ilə əlaqədar olan ümumxalq kədəri, düşmənə nifrəti ürəkdən bölüşür. Lakin dünən bu faciədən öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən ünsürlərə rast gəldik. Belə ki, futbol matçı öncəsi stadionda və ətrafında ictimai asayişə və ictimai təhlükəsizliyə nəzarəti həyata keçirən polis əməkdaşları qeyd edilən pankartla yanaşı, digər siyasi məzmunlu şüar və plakatları da daşıyan bəzi dırnaqarası azarkeşlərin stadiona daxil olmalarının qarşısını alıblar. Bu zaman məlum olub ki, belə şüarların əksəriyyəti Azərbaycanı istəməyən bəzi xarici kəşfiyyat orqanlarının həbsdə olan nökərlərinin azadlığa buraxılmasını tələb edən siyasi məzmun daşıyır. Deməli, bu ünsürlər 2 yaşlı günahsız Zəhra balamızın faciəsindən sui-istifadə edərək öz çirkin məqsədlərini həyata keçirməyə cəhd edirlərmiş”.
İ.Babayevin sözlərinə görə, bundan əlavə, ölkəmizin də üzv olduğu Avropa Konvensiyası, eləcə də Bədən tərbiyəsi və idman haqqında qanun kütləvi oyunlar, futbol matçları zamanı idmana aid olmayan pankartların, şüarların stadiona keçirilməsini qadağan edir: “Belə hal qeydə alınarsa, ev sahibi olan kluba, idman təşkilatına beynəlxalq sanksiyalar tətbiq olunur və yarışlardan kənarlaşdırılmaya qədər cəzalandırıla bilər”.
Mətbuat xidmətinin şöbə rəisi:
“Ona görə də bir qrup dırnaqarası azarkeşin polis əməkdaşlarının bu hərəkətini qınaması ədalətsizlikdir. Əksinə, asayiş keşikçilərimiz düşmən tərəfindən qətlə yetirilən məsum körpənin faciəsindən yararlanaraq idmanla heç bir əlaqəsi olmayan öz siyasi məqsədlərinə çatmaq istəyənlərin və bununla da dövlətimiz, idmanımız haqqında beynəlxalq arenada mənfi fikir formalaşdırmağa uğursuz cəhd edənlərin qarşısını alıblar. Azarkeş, “fan-klub” adından sui-istifadə edən belələri birdəfəlik bilməlidirlər ki, bundan sonra da siyasi məqsədlər üçün heç kimə bu cür hərəkətləri təkrarlamağa imkan verilməyəcək”, deyib.
Qeyd edək ki, dünən “Qarabağ” futbol komandasının 5:0 hesabı ilə qələbə qazandığı matçda “İmarət” azarkeş stadionu tərk edib və bunu qaldırmaq istədikləri şüar və transparantlara icazə verilməməsi ilə əlaqələndiriblər.(musavat.com)