!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın rəqibini yaxından tanıyaq - İlk dəfə Çempionlar Liqasında...

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması baş tutub.

Yenicag.az xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli yarışında təmsil edən “Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

Maraq üçün bildirək ki, rəqib komanda azərbaycanlı futbolsevərlər üçün heç də yad deyil. Belə ki, qonşu ölkənin təmsilçisi ötən mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olmuş, hər iki matçın nəticəsinə (5:1, 1:2) görə mübarizəni dayandırmışdı.

Rəqibə gəlincə, Samtredianın eyniadlı klubu 1936-cı ildə yaradılıb. “Lokomotiv” kimi yaradılan komanda sonradan “Samtredia”, “Sanavardo”, “Cuba”, “İberiya” adlarını da daşıyıb. 1936-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində debüt edən Samtredia şəhərinin komandası uzun illər bu liqada mübarizə aparıb. İttifaq dönəmində 2-ci dəstənin ən yaxşılarından olan klub dəfələrlə ilk “üçlük”də yer alıb, 1980 və 1987-ci illərdə zonasının qalibi adını qazanıb. Lakin zonalararası turnirdəki uğursuzluq daha yüksək liqada oynamağa imkan verməyib. Uzun illər “Samtredia” Azərbaycan klublarının da mübarizə apardığı 9-cu zonada qüvvəsini sınayıb.

Klubun yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə yerini qorumaq üçün yarışan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib. Avropadakı debüt uğursuz alınıb. Makedoniya “Vardar”ına evdə 0:2, səfərdə 0:1 hesabı ilə uduzan komanda 1995-ci ildəki debütünə uğur qata bilməyib. 1995/96 mövsümündə də daxili çempionatı 4-cü pillədə bitirən “Samtredia”nın uğurlarında Zaza Canaşiya, Qriqol Çanturiya, Zurab İonanidze, Georgi Daraseliya, Mixail Cişkariani kimi tanınmış futbolçuların payı olub.

“Samtredia”nın fəxri isə klubun öz yetirməsi olan Kaxaber Kaladze sayılır. Milli komandasının və İtaliyanın “Milan” klubunun aparıcı oyunçusu olan Gürcüstan futbolunun əfsanəsi hələ 14 yaşında Tbilisi “Dinamo”sunun seleksiyaçıları tərəfindən paytaxta aparılıb. Amma Kaladze məhz doğulub, boya-başa çatdığı Samtredianın eyniadlı klubunda yetişib.

Ötən əsrin 90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir. Bundan sonra bir neçə dəfə geri qayıdan klub növbəti tarixi uğurunu ötən mövsüm qazanıb. Georgi Tsetzadzenin baş məşqçisi olduğu komanda 21 ildən sonra ölkə çempionatının mükafatçıları sırasına düşüb. Bu gümüş medal komandaya UEFA Avropa Liqasına qatılmaq imkanı yaradıb.

Ötən mövsüm Gürcüstan çempionu olan Gia Tsetsadzenin yetirmələri tarixdə ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Emin
Yenicag.az

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv