“Qarabağ”ın transferlər PROSESİ: “Rəqibləri komandadan çəkinirlər”

“Artıq “səpələnmişlər” qrupunda rəqiblər “Qarabağı” kifayət qədər güclü rəqib kimi görür və ondan çəkinirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlamasının müsbət tərəfləri və ediləcək transferlərin komandaya uyğunlaşması prosesindən danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, “Qarabağ”ın Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlamasının ancaq müsbət tərəfləri ola bilər.

“Uzun illərdir ki, qrup mərhələsində oynayan komanda yeni mövsümə, demək olar, fasiləsiz başlayırdı. Bu da futbolçuların, xüsusilə milli komandadan gələn oyunçuların hazırlaşmaqdan əlavə normal istirahət etmək şansını azaldırdı. Bu dəfə komandanın ən azı bir həftə və ya on gün daha çox istirahət etməyi imkanı yaranacaq. Bununla yanaşı, vaxt olduğundan “Qarabağ”ın yoxlama görüşü keçirməyinə də daha çox imkanı olacaq”, – deyə o bildirib.

K.Məstəliyevin sözlərinə görə, transferlərin komandaya uyğunlaşma prosesi daha da yaxşı keçəcək:

“Çünki əvvəlki illərdə qısa müddət olanda futbolçuları yarım güclə meydana buraxma məcburiyyəti yaranırdısa, indi əksinə olacaq. “Qarabağ”ın mənfi cəhətlərindən biri də transferləri gec etməyidir. Transferlər vaxtında həyata keçririlsə, onların komandaya uyğunlaşma prosesi də tam bitmiş olacaq”.

Mütəxəssis qeyd edib ki, “Qarabağ” bir tur keçərsə, Konfrans Liqasının qrup mərhələsini təmin etmiş olacaq:

“Ona görə də liqada ən azı qrup mərhələsini təmin etməsi uzun müddət oynaması deməkdir. Buna görə də komanda kompleks şəkildə bütün hazırlıqlarını tamamlamalıdır. Bütün bunlara görə komandanın 2-ci təsnifat mərhələsindən başlaması çox yaxşı oldu.

Rəqiblərin barəsində hər hansı problemin olacağını da düşünmürəm. “Qarabağ” həm 1-ci, həm 2-ci, həm də 3-cü təsnifat mərhələsinin güclü komandalarından biridir. Artıq “səpələnmişlər” qrupunda rəqiblər “Qarabağ”ı kifayət qədər güclü rəqib kimi görür və ondan çəkinirlər. Düşünürəm ki, “Qarabağ” bütün təsnifat mərhələlərində rəqiblərini yenəcək qüdrətə malik komandadır. Pley-offa gəldikdə isə bu rəqibin hansı komanda olmasında asılı olacaq. Ümid edirəm ki, komanda üçün gələn mövsüm daha uğurlu olar”.

İsmayıl Bakuvi

COP29