Qarabağla bağlı təqdimat və kitab sərgiləri keçirildi – Kestxeydə/FOTO

Kestxey şəhərində Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Konflikt ərazilərində tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin nəzərində” adlı layihə çərçivəsində Macarıstanda təşkil olunmuş “Avropa Gənc Alimlərinin Yay Məktəbi”ndə təqdimat və kitab sərgisi təşkil edilib.

Müxtəlif ölkələrdən tarixçi, politoloq, konfliktoloq və arxeoloq gənc alimlərin qatıldığı təqdimat mərasimində Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 27 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini dağıtması, tarixi faktları saxtalaşdırması, özününküləşdirməsi faktları iştirakçıların diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondunun birgə hazırladıqları sənədli film vasitəsilə Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış durumunu əks etdirən görüntülər iştirakçılara nümayiş etdirilib.

Avropalı gənc alim və tədqiqatçılara münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dagıdılmasına biganə qalmamaqla bağlı və bu kimi vandalizm aktlarına qarşı mübarizə aparmaqla bağlı müraciət olunub.

Ketsxey şəhərindəki Pannoniya Universitetində təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunub.

Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunacaq, eyni zamanda iştirakçılar arasında paylanıb.