!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabulaq, Ağoğlan və üzə çıxan tarix - Səxavət Məmmədin SƏFƏR TƏƏSSÜRATI

!Reklam – Yazi

Müharibələr fəsadsız ötüşmür, ancaq Qarabağ başlı başına fəsadlarla doludur.

Müharibə vaxtı cənub cəbhəsi sayılan ərazilərə səfər edirik. İlk dayandığımız məntəqə Füzuli rayonunun Alxanlı kəndidir. Alxanlıdakı giriş-çıxış postunda dayanıb gözləyəndə qəribə hisslər keçirirəm. Müharibə vaxtı burada olanda hər yer saysız-hesabsız hərbi texnikalarla dolmuşdu. Vurulmuş, sıradan çıxmış, yanmış texnikaların qəbiristanlığını xatırladan ərazidə indi qoyunların otladığını görəndə, mərmi səsi əvəzinə çobanın fitini eşidəndə adam, həqiqətən, qəribə olur. Gizli şəkildə, hərbçilərə qoşulub keçdiyin əraziyə indi mülki formada keçmək də varmış.

Füzuli rayonu 10 sentyabr 1827-ci ildə yaradılıb. İlk adı Qarabulaq olub. 8 avqust 1930-cu ildə adı Karyagin olraq dəyişdirilib. 1959-cu ilin aprelində isə Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin adı Füzuli ilə əvəz olunub və bu günə qədər də belə qalmaqdadır. Bəlkə səhv edirəm, ancaq mənə görə, Qarabulaq adı daha uyğundur və bu ad ora daha çox yaraşır. Hətta rayonun adının dəyişdirilməsini də təklif etmək mümkündür.

Alxanlını keçdikdən sonra müharibənin bütün fəsadları göz önünə gəlməkdədir. Ağdam şəhərinin mərkəzinə qədər 5 istehkam qurğusunu müşahidə edə bilərsinizsə, Füzulidə bu, fərqlidir. Ermənilər rayon mərkəzinə qədər iki istehkam xətti çəkib. Ancaq müdafiə xətləri saysız-hesabsızdır. Bir müdafiə xətti bitir, digəri başlayır. Çəkinmədən, açıq şəkildə demək olar ki, Ermənistan ordusu postda durub, xidmətini qarşı tərəfi müşahidə etməklə işini bitmiş hesab etməyib. Hər kəndin ərazisində gələcəkdə müharibə olduqda geri çəkiləcəklərini də göz önünə alaraq səngərlər qazıblar ki, bir xətt yarıldığı zaman, geri çəkilməyə məcbur olduqları vaxt çəkilib, heç nə olmamış kimi yenidən döyüş apara bilsinlər.

Səngərlərdən əlavə, harada gözünüzə hündür təpə görürsünüzsə, bilin ki, onun üstündə bir postları olub. Fərqi yoxdur, cəbhəyə yaxındır, ya uzaq.

Füzuli rayonu ərazisində, demək olar, bir dənə də olsun tikiliyə rast gəlinmir. Füzuli rayonunda o vaxt üzüm bağları olub, indi isə o bağlardan əsər qalmayıb. Həmin bağlardakı dirəklər isə ya səngərlərin içərisinə döşənib, ya da cəbhədən uzaqda özlərinin saldığı üzüm bağlarında istifadə edilib. Füzuli rayonundan kiminlə söhbət edirdiksə, mütləq Köndələn çayı ilə bağlı bir xatirəsini danışardı. Bu ya balıq tutmaq, ya da çimməklə bağlı idi. İndi də Köndələndən su axır, ancaq artıq çayın içərisini görmək mümkün deyil. Çay yatağı başlı-başına cəngəlliyi xatırladır. Füzuli şəhərinin içərisindən keçən Köndələnin üstündəki körpü yenisi ilə əvəz edilir. Artıq mütəxəssislər öz işini görməkdədir. Elə həmin körpünün qarşı tərəfindən Füzuli-Hadrud yolunun tikintisi də başlayıb.

Füzuli şəhərindəyik. Şəhər sözün əsl mənasında xarbalığı xatırladır. Füzuli rayonunda inşa edilən hava limanına da baş çəkirik. Orda da ciddi işlərin getdiyini müşahidə edirik. Daha sonra üz tuturuq Edilli kəndinə. Kənd adını Ədil bəyin adından götürüb. Sovet dönəmində “Ə” hərfinin olmaması səbəbindən kəndin adını “E” hərfi ilə yazılıb və beləcə Edilli olub. Əslində isə Ədillidir. Kənd dağların qoynunda yerləşir. Mənzərəsinə baxdıqca adamı özünə heyran edir. Kəndlə yanaşı, onun yolları da insnın diqqətini özünə cəlb edirə

Bu yollar evlərin tikintisində istifadə edilən daşlardan çəkilib: Daşları divara yox, yollara hörüblər. Kəndin, demək olar, bütün yolları ev tikintisində istifadə olunan daşlardan çəkilib. Kəndin yollarını indiki hlı ilə gördükdə aydın olur ki, sökülən daşların bir hissəsi hara gedib.

Daha sonra Düdükçü kəndinə səfər edirik. Kəndin giriş-çıxışı, bütün ətrafı tut ağacları, daha dəqiq desək, tut bağları ilə əhatə olunub. Hiss olunur ki, ermənilər tut bağlarına xüsusi diqqət yetiriblər. Şübhəsiz ki, kənddə yaşayan ermənilərin əsas işi araq çəkmək olub. Düdükçü kəndi Əbdürrəhim bəy Vəzirovun babalarının yaşadığı yer olub. Ümumiyyətlə, o əraziləri bəy torpaqları olub. Bəzən deyirlər ki, müharibədən əvvəl də orada ermənilər yaşayıblar, bəs tarix, oranı salan və yaşayanlar?

Yeni çəkilən Şuşa yolundayıq. Bu yolun sağı, solu müharibənin bütün ağrılarını, acılarını özündə daşıyır. Bir əsgərin gizlənə biləcəyi səngərlər, avtomat güllələri, gizlizləri hər yerə tökülüb. Yağış, qar yağıb yumasaydı, qanı canına çəkməsəydi, ərazinin necə qan içində olduğunu görmək olardı. Bəli, indi çox rahat gəzə bilirik, düşünəndə ki, bir neçə ay bundan əvvəl buralar əsl döyüş meydanı olub, qan su yerinə axıb, insan yenə müharibə dövrünə dönür, bir gözü ağlayır, bir gözü gülür. Bu yolla Azıx kəndinə doğru hərəkət edirik. Kənddə dayanmadan, birbaşa Azıx mağarasına doğru qalxırıq. Azıx mağarasına artıq yol, daha doğrusu, 800 pilləkən çəkilib. Həmin pilləkənlərlə yuxarı qalxırıq. Arada nəfəs dərmək üçün dönüb geriyə baxıram, həqiqətən, strateji baxımdan da mağara əla yerdə yerləşib. Mağaranın qarşısına çatıram, aşağılar düm ağ qar, burada isə isti günəş. Mağaraya girəndə insan rəsmən titrəyir. Bir metr irəli ilə gerinin arasında bəlkə də 8-10 dərəcə temperatur fərqi var. Mağaranın içərisində divarlara baxıram. Qədim insanlardan qalmış yalnız tavandakı tüstü yeri qalıb. Hansısa heyvan şəkli yoxdur, ancaq erməni əsgərləri adlarını yazıblar. Mağaranın içərisində torbalara yığılımış torpaqdan bir bəndlə rastlaşıram. Bu bənd mağaranın dəhlizindən içəriyə doğru gedir. Mağaranın içərisinə girmək üçün ya sürünməlisən, ya da dördayaq olmalısan. Ora girmək mümkün olmur. İçəridə hansı sürpürizin bizi gözlədiyini bilmirik. Böyük ehtimalla qədim erməni yaşayış məskəni olduğunu sübut edəcək işarələr, yazılar divarları bəzəyib, Anitanın heykəli, sümüklərinin çıxması ehtimalı da yüksəkdir.

Azıx mağarasından ayrılıb, Tuğ kəndinə gedirik. Tuğ kəndi Azərbaycanda gördüyüm ən fərqli tikililəri ilə məni təəccübləndirir. Tuğ kəndindəki evlər bəzi detallarına görə Qubanın Xınalıq kəndindəki evlərə bənzəyir. Ancaq kəndin qədim evlər olan hissəsində az qala hər daşın üstünə erməni əlifbası ilə nələrsə yazılıb. Kənddə bir kilsə də mövcuddur. Əslində isə həmin kilsə qədim məbədin üzərində inşa edilib. Uzun zamandır baxımsızlıq, nəmişlik məbədin üzərinə inşa edilən “saxta tarix”i yerə töküb və əsl tarix təbii yolla üzə çıxıb. Kilsənin içərisində, yazılı daşların ətrafında sement kisələrini görəndə, anlaşılır ki, hansı yolla daşları qədimləşdirib, yazıb, yaradırmışlar.

Tuğ kəndinin mərkəzi sayılan mağazanın qarşısındayıq. Bura əvvələr Bakıya işləyən avtobusların dayandığı, kənd ağsaqqallarının axşamlar yığışıb söhbətləşdiyi yer imiş. Olduğu kimi də durur. Köhnə mağazaya əl gəzdirib işlədiblər də hətta. Mağazanın sol tərəfində fransız şirkətinin açdığı, erməni siyasi rəhbərliyinin də açılışında iştirak etdiyi şərab zavodu da var. Şərab zavodunun içərisinə girməyə icazə verilmədi. Ciddi şəkildə mühafizə olunur. Səbəbini isə demirlər. Tuğ kəndində 1918-ci il mayın 28-dən oktyabrın 6-dək Azərbaycan Demokratik Cümuhurriyyətinin ilk yollar, poçt və teleqraf naziri olmuş, İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri olan Xudadat bəy Məlik-Aslanovun evi də durmaqdadır. Evə daxil olarkən açıq şəkildə görmək olar ki, orda hansısa erməni yaşayırmış.

Bundan sonrakı səfərimiz Hadrut qəsəbəsinədir. Hadurut 36 kənddən ibarət rayon olub. 1992-ci ildə Hadrut Xocavənd rayonun tərkibinə qəsəbə kimi verilib. Hadrutla bağlı araşdırma etdikdə məlum olur ki, Hadrut indi deyildiyi kimi daha çox ermənilərin yox, məhz azərbaycanlıların yaşadığı yer olub. Hadrutun 36 kəndindən yalnız birində ermənilərin əraziyə köçürülməsindən sonra say çoxluğu onların xeyrinə olub. Daha sonra Hadrutun mərkəzində sovet siyasəti nəticəsində əhalinin say tərkibi ermnilərin xeyrinə dəyişdirilib.

Hadrutun əsl adı Ağoğlandır. Ağoğlan olaraq da bizi qarşılayır. Dağların arasında, ağappaq qara bürünmüş bir qəsəbə. Xocavənd rayonunun mərkəzi hələ də ermənilərdən təmizlənmədiyi üçün Xocavənd rayonunun icra hakimiyyəti, polis və digər qurumları artıq Hadrutda yerləşdirilib. Hadurutu əhatə edən dağlara diqqətlə baxdıqda, istehkam xətlərini görmək olur. Nəinki ön xəttə, hətta yaşdıqları yerlərin ətrafında belə müdafiə xətləri çəkiblər. Görünüşü ilə də, tarixi ilə də Hadrut deyir ki, adımı Ağoğlan edin. Ümid edirik ki, bu ad dəyişiminə gedilər…

Hadrutdakı bayraq meydanı səfərimizin sonu olur.

Səxavət Məmməd

Fotolar müəllifə məxsusdur

www.yenicag.az

1654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv