Şərqin ilk metrosu olan Bakı Metropoliteni 50 illik yubileyini qeyd edir.
“Qapılar bağlanır, növbəti stansiya…” bu sözlər demək olar ki, gündəlik həyatımızın əsas parçalarından birinə çevrilib.
Yerüstündə yaranan tıxaclar, gərginliklər bizi yeraltı dünyaya enməyə məcbur edir. Harasa gecikəndə, bir yerə tələsəndə ilk o yadımıza düşər – METRO… Qaranlıq dünyanın işıqlı yolu…
Yarım əsr yaşı olan və hər gün yüz minlərlə sərnişini mənzil başına çatdıran metro sürətli və təhlükəsiz olmaqla yanaşı, həm də rahat nəqliyyat növüdür.
“Xalqımızın rahat şəkildə mənzil başına çatdırılması üçün bütün imkanlarımızı səfərbər edirik”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metronun 50 illik yubileyi münasibətilə göstərilən xidmət haqqında danışarkən deyib:
“Ən optimal vəziyyətdə və bütün imkanlar nəzərə alınsa, Bakı Metropoliteninin bugünkü fəaliyyəti qənaətbəxşdir. Təbii ki, çatışmazlıqlar və sərnişinlər tərəfindən narazılıqlar var. Aydın məsələdir ki, yaranan problemlər bizi də ciddi şəkildə narahat edir. Mövcud problemləri bacardığımız qədər aradan qaldırmağa və sərnişinlərin daha rahat daşınması üçün əlimizdən gələni etməyə çalışırıq”.
Nəsimi Paşayev həmçinin, yeni metro qatarlarının nə zaman gətiriləcəyi barədə də söhbət açıb:
“Yeni qatarların gətiriləcəyi gözlənilir. Hələ ki, istifadədə olan qatarların istismar müddəti bitməyib. Önümüzdəki illərdə əgər bu yararlılıq müddəti bitərsə, daha rahat və kondisionerli qatarlar gətiriləcək”.
Qeyd edək ki, dünyada ilk metro stansiyası 1863-cü ildə Londonda istifadəyə verilib. XX əsrin 30-cu illərinin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad (indiki Sankt-Peterburq – red.) şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisinə qərar verilmişdi. Lakin II Dünya müharibəsinin başlanması, 1941-1945-ci illərdə isə SSRİ-nin bu müharibəyə qoşulması Bakı metropoliteni layihəsinin təxirə salınmasına səbəb olmuşdu.
Həmçinin, 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza “Ginnesin Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşüb. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir “uğura” imza atıb.
Elvin Paşazadə