“Hara baxsaq görürük ki, böyük münaqişələrin həll edilmək əvəzinə, alovlanacağı bir dönəmə doğru irəliləyirik”.
Bu fikirləri dünyada münaqişə ocaqlarının çoxalması fonunda qlobal güclərin maraqlarını və davranışlarını dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.Ekspertin sözlərinə görə, müasir dünya gücün həlledici faktor kimi çıxış etdiyi dönəmə daxil olub:
“Hazırda dünyada baş verən proseslər qlobal güclərin yeni düzən üzərindən davam edən mübarizəsinin real müstəviyə keçməsidir. Eyni zamanda, yaranmış vəziyyətin bir səbəbi də beynəlxalq hüququn kollapsıdır. Dünyada münaqişələri nizamlaya biləcək tək qurum BMT olsa da, bu təşkilat praktiki olaraq heç bir konfliktin qarşısını ala bilmir. Yəni müasir dünya gücün həlledici faktor kimi çıxış etdiyi dönəmə daxil olub.
Əvvəl beynəlxalq hüquq hər şeyi həll edirdi, indi isə gücün hüququ ön plana keçib. Gücün hüququ o deməkdir ki, münaqişə bölgəsində olan ölkələr başında ABŞ-nin dayandığı NATO-nun “Ramştayn klubu” dövlətlərinin hərbi gücünün Ukraynaya verəcəyi dəstək İsrailə yönəldilir. O baxımdan, Çin və Hindistanın bəlli istəkləri, o cümlədən, bəzi ölkələrin öz ərazilərini genişləndirməklə bağlı zamanlaması məhz böyük güclərin başının digər münaqişələrə qarışmasından irəli gəlir.
Artıq Qırmızı dənizdə İsrail-Fələstin münaqişəsinə görə ciddi beynəlxalq gərginlik yaranıb. ABŞ beynəlxalq ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmağa məcbur oldu. ABŞ İsrail və Ukraynaya 110 milyard dollar həcmində yardım zərfi ayırmağı planlasa da, Konqres buna veto qoydu. Avropa İttifaqının Ukraynaya nəzərdə tutulan 50 milyard avroluq yardım zərfinin qəbul edilməsinə isə Macarıstan imkan vermədi.
Hara baxsaq görürük ki, böyük münaqişələrin həll edilmək əvəzinə, alovlanacağı bir dönəmə doğru irəliləyirik. Bir tərəfdə NATO, digər tərəfdə isə blok halında olmasa da, Şimali Antlantika alyansını özünə düşmən görən ölkələr – Rusiya, Çin, İran, Şimali Koreya var. Aydın məsələdir ki, heç bir münaqişə səbəbsiz yaranmır. Sadəcə, bu münaqişələrin zamanını müəyyənləşdirən ölkələr var. Hazırda Rusiya-Ukrayna və İsrail-Fələstin savaşı davam edir. Bu şəraitdə üçüncü müharibə başlasa, bütün planlar pozulacaq.
Çin kimi ölkə maraqlıdır ki, məhz bu ərəfədə öz planlarını həyata keçirməyə nail olsun. Çünki böyük güclərin diqqəti başqa istiqamətlərə yönəlib. İndi nə Rusiya-Ukrayna, nə də İsrail-Fələstin müharibəsinin tezliklə başa çatacağı gözlənilmir. Qarşıdakı on ildə münaqişələrin artacağı çox realdır. Müharibələrdə ərazi, şəxsi heyət, iqtisadiyyat baxımından uduzan tərəflər var. Ancaq müharibələrdə həm də silah korporasiyalarının timsalında qazanan tərəflər var. Silah korporasiyaları bəzən ölkələrə müharibəyə başlamaq sifarişi verəcək qədər güclüdürlər”.
Səxavət Məmməd