Qarşılıqlı geri addım: “Minlərlə insanın ölməsi lazım oldu ki…” – ŞƏRH

“Həm Ukrayna, həm də Rusiya bəzi şərtlərindən vaz keçib”.

Bunu Ukrayna-Rusiya müharibəsinin bitməsi üçün şərtləri dəyərləndirən və tərəflərin razılığa gəlmə ehtimalını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın ilk görüşdə irəli sürdüyü şərtlərdən birini artıq Ukrayna qəbul edib:

“Ukrayna bəyan edib ki, NATO-ya girməyəcəklər. Bu, sadə həqiqətdir. NATO onları qəbul etmirdi, Ukraynaya 20 il, müharibə, şəhərlərinin dağılması və minlərlə insanın ölməsi lazım oldu ki, sadə həqiqəti dərk etsinlər. Ukrayna artıq deyir ki, NATO-ya üzv olmayacaqlar və neytral statusa razıdırlar. Ukrayna tərəfi bildirib ki, hücum silahlarından imtina edilməsinə razıdırlar, yalnız müdafiə silahları ala biləcəklər. Əslində, bu da bir güzəştdir. Ancaq Ukrayna tərəfi həm də onu bildirib ki, ərazi bütövlükləri və suverenlikləri möhtəkirlik mövzusu ola bilməz. Krımın, Donetsk və Luqanskın Ukrayna sərhədləri daxilində statusunu müzakirə etməyə hazır olduqlarını qeyd ediblər.

Rusiya da bəzi məsələlərdə geri çəkilib. Rusiya bildirir ki, Ukrayna hakimiyyətinin formalaşması Ukrayna xalqına məxsusdur və bu bizim işimiz deyil. Rusiya tərəfi deyir ki, Ukrayna ordusunu darmadağın ediblər və öz hədəflərinə çatıblar. Ancaq Rusiya Krımla bağlı iddiasından əl çəkmir. Rusiya bildirir ki, Ukrayna Krımın Rusiyaya mənsub olduğunu, Donetsk və Luqanskın da müstəqilliyini tanısın. Ukrayna isə buna hazır deyil.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirdi ki, şad xəbər gözlənilir, tərəflər razılığa gələ bilərlər. Bu məsələ ilə bağlı danışıqlar gedir.

Ümid edək ki, müharibə dayansın, qırğın qurtarsın”.

Səxavət Məmməd

COP29