123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 15 avqust 2024-cü il tarixində Goranboy rayonu Yeni qəsəbədə fəaliyyət göstərən Xocalı rayon mədəniyyət evininin akt zalında həmin qəsəbədə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Sarıyev Samir Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, inkişaf etdirilməsi barədə Qarabağdan səsləndirdiyi bəyanatlar, müraciətlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi, qürur hissi və coşqu ilə qarşılanır. Vətəndaşlarımız ölkə başçısının hər səfərində bu bölgədə reallaşdırılan ilkin infrastruktur layihələrinin, müəssisələrin açılışını və təməlqoyma mərasimlərini diqqətlə izləyir, uğurlarımıza sevinir və qürur hissi keçirirlər.
Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və diplomatik qələbəsi sayəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.
Torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyi özümüzə borc bilirik. Məhz onların fədakarlığı və şücaəti nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Bir sözlə, Kəlbəcər gələcəkdə ölkəmizin turizm imkanlarının artmasına böyük töhfələr vermək potensialına malikdir.
Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulmasında və inkişafı naminə çalışacam.
Namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, 30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnən Vətən müharibəsi müasir Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilmişdir.
Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.
Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.
Digər çıxış edənlər bildirdilər ki, əziz seçicilər, doğma kəlbəcərlilərimiz hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırırıq.