Qasımlı Mircəlil Qəbələ rayonunda Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi – FOTOLAR

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 17 avqust 2024-cü il tarixində Qəbələ rayonu Zarağan kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər, eyni zamanda bir günlük lokal antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam təmin olunması ölkəmizi daha qüdrətli, yenilməz etmişdir. Tarixi Zəfərdən sonra Azərbaycan daha sürətlə inkişaf edir, diplomatiya cəbhəsində yeni-yeni qələbələr qazanır.

Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasətinin, sərkərdəlik məharətinin sayəsində şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz tarixi Zəfər insanlarımızda yüksək əhval-ruhiyyə, gələcəyə daha böyük inam yaratmışdır.

Qədirbilən xalqımız bütün ərazilərimizdə keçirilən parlament seçkilərinə yüksək ovqatla gedir. Mən də seçicilərimə inanaraq 123 saylı Kəlbəcər Seçki Dairəsindən öz namizədliyimi irəli sürmüşəm. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə öz töhfələrimizi verəcəyik. Bu yolda hər birimizə uğurlar diləyirəm.

Namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, ölkəmiz çox mühüm siyasi hadisənin ərəfəsindədir. İlk dəfədir ki, bütün ərazilərimizdə parlament seçkiləri keçirilir.

Azad Kəlbəcərimizdən deputatlığa namizədimiz Mircəlil Qasımlı yüksək intellekti, təhsili ilə seçilən gəncdir. Onun aydın platforması, sakinlərimizin rifahına yönəlmiş hədəfləri var. İnanıram ki, Mircəlil müəllim sizin yüksək etimadınızla Milli Məclisə seçiləcək və hər birimizi ali qanunverici orqanda şərəflə təmsil edəcək.

Rayon ağsaqqalı Nəbi Cəfərov və digərləri çıxış edərək qeyd etdilər ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Görüşdə çıxış edən seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

 

COP29