Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalist Camal Qaşıqçının qətlində təqsirləndirilən 5 nəfərin edamını tələb edəcək.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Qaşıqçının öldürülməsi ilə əlaqədar hələlik 11 nəfərə ittiham irəli sürülüb, ümumilikdə isə təhqiqat çərçivəsində 21 nəfər saxlanılıb.
Boğuşma və öldürücü dozada verilən dərman Qaşıqçının ölüm səbəbləri kimi qeyd olunub. Bəyanatda cəsədin parçalara ayrılaraq İstanbuldakı Baş Konsulluq binasından çıxarıldığı da qeyd olunub. Ancaq qalıqların harada olduğu barədə araşdırmanın davam etdiyi bildirilib.
Verilən məlumatlar arasında şübhəlilərdən birinin konsulluqdakı kamera qeydlərini pozması da yer alıb.
Qeyd edək ki, Vəliəhd şahzadə Məhəmməd bin Salmanın vəzifədən kənarlaşdırılan sabiq müşaviri Səud əl-Qahtaninin ölkədən çıxmasına qadağa qoyulub.
Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də nikahla bağlı sənədlər almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib və daha sonra ondan xəbər olmayıb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını təsdiqləmişdi.