Qatarla yük maşını toqquşdu

Bu gün qatar yük avtomobili ilə toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində 22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.