Qurban bayramı ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.
Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.
Qurum bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.