“Qavalı qoltuğuna verilən” xalq artistləri, özlərini “bəy tərifinə” tutduran aparıcılar – Cəvahir Nehru yazır

Əvvəllər də müşahidə edirdim, amma son vaxtlar aparıcıların verilişə dəvət etdikləri qonaqlarına özlərini təriflətməsi pik həddinə çatıb. Veriliş və verilişin mahiyyəti qalır qıraqda, qonaqlar başlayır “bəy tərifinə”. Hiss olunur ki, hamısı boğazdan yuxarı deyilən saxta mədhiyyələrdir. Bəzən tərifin barıtın o qədər çox edirlər ki, xəcalətdən udquna-udquna qalırlar.

Aparıcı da xüsusi mələk ədasında, guya utanırmış, hətta qızarırmış kimi (ay tövbə, bunlarda utanan üz varsa) dahiyanə bir baxış və görünüşlə bu “mədhiyyəni” nəinki yarıda kəsib, mətləbə keçir, əksinə, “vəsf elə məni şair” çağırışı ilə qonaqlarını bir az da coşdurmağa çalışır. Bir sözlə, kənardan belə təəssürat yaranır ki, sanki aparıcının yaradıcılıq gecəsidir.

Hər iki tərəfin hərəkətlərindən də aydın görünür ki, verilişdən əvvəl qonaqlar aparıcı tərəfindən necə lazımdırsa, təlimatlandırılıb. İndi bunu oxuyan həmin aparıcılar efirdən söz atacaqlar ki, yox, “biz efirdə buna qarşıyıq”, “qonaqlar özləri belə xoş sözlər söyləyirlər, zad” … Yaxşı, elədirsə, niyə onlara bu şəraiti yaradırsınız ay “təvazökar” aparıcılar? Niyə onları demək istəmədikləri mədhiyyələri söyləmək məcburiyyətində buraxırsız?

Məni təəccübləndirən bu aparıcılardan da çox, onları bəy tərifinə tutan sənət adamlarıdır. Bayağı mahnılarla “trenddə birinciyəm” deyib, özünü az qala sənətkar kimi aparan “müğənniciklər”i başa düşürəm. Ayaq açıblar, meydan sulamağa efir axtarırlar. Aparıcının çaldığı havaya oynamağa məcburdurlar. Siz sənətkarlar, siz xalq artistlərini axı buna vadar edən nədir? Sizin ki, şükür Allaha, sənətiniz var, kiməsə yaltaqlanmağa, yarınmağa, “qaraya ağ”, “çirkinə gözəl”, savadsıza intellektual deməyə sizi vadar edən nədir axı? Uzaqbaşı verilişə çağırmayacaqlar. Qoy, heç çağırmasınlar, efirə çıxıb, özünüzü belə xalqın gözündə urvatsız edəcəksinizsə, heç çıxmamağınız məsləhətdir. Əksinə, yadda daha samballı, daha hörmətli qalarsınız. Onsuz da oxuyanda, aparıcılar “ağsaqqal, muğamı bir az qısa elə, xalq Vəfa Şərifovanın yeni mahnısını istəyir”, deyib sizi urvatdan salacaqlar. Suyu süzülmüş cücə kimi “qavalınızı qoltuğunuza verib”, sözün hər iki mənasında yerinizdə oturdacaqlar.

Ona görə də özünüzə hörmət edin, hörmət edin ki, qazandığınız hörməti itirməyəsiniz. Kəsəsi, efirlərdə bəy tərifini bir az qısa eləyin. Çox danışmaqdansa, oxuyun. Vallah, siz oxuyanda gözəl olursunuz, danışanda yox.

COP29