Qaxda mağazada yandı – Sahibkara 200 minlik ziyan dəydi

Qax şəhərinin mərkəzində yerləşən mağazada yanğın baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən qarışıq mallar mağazasında yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşları yanğının söndürülməsinə və digər ərazilərə keçməsinin qarşısını almağa nail olublar.

Mağazanın Qax rayon Əmircan kənd sakini Məmmədov Baba Qədir oğluna məxsus olduğu müəyyən edilib.

Hadisə zamanı ümumi sahəsi 80 kv.m olan qarışıq mallar mağazasının anbarı və içərisində olan malların çox hissəsi yanıb.

Obyekt sahibinin verdiyi məlumata görə, yanğın zamanı ona təqribən 200 min manata yaxın ziyan dəyib.

Mağaza əməkdaşları yanğın zamanı içəridə olduqlarını və anbarda başlayan tüstülənməni gec gördüklərini bildiriblər.

İlkin məlumata görə, yanğına anbarda olan elektrik naqillərinin əriməsi səbəb olub.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanan mağazanın dam örtüyü və malların bir qismi, ətrafdakı 10 mağaza yanğından mühafizə olunub.

Təhlükəsizlik nəzərə alınaraq Üzeyir Hacıbəyov küçəsində avtomobillərin hərəkəti yanğın söndürülənə qədər məhdudlaşdırılıb.

Hazırda Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.