Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.

Yenicag.az xəbər verir ki, sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub.

Yekun sənəddə deyilir: “Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə ediblər.

İştirakçılar qeyd ediblər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir.

İştirakçılar vurğulayıblar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd ediblər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə ediblər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırıblar.

İştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğulayıblar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırıblar. Onlar qeyd ediblər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistematik şəkildə məhv edilməsindən narahatlıq ifadə ediblər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırıblar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğulayıblar.

İştirakçılar xatırlatdıblar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olub və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına səbəb olub. Onlar vurğulayıblar ki, qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət bir nümunə ola bilər.

İştirakçılar vurğulayıblar ki, ədalət barışıq və daimi sülh üçün zərurətdir. İştirakçılar Ermənistanı, azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırıblar. Onlar vurğulayıblar ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması və birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

İştirakçılar qayıdacaq qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırıblar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd ediblər və qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıblar.

Onlar Ermənistan hökumətini regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırıblar. Onlar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini qeyd ediblər.

İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiq ediblər. Onlar qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğulayıblar.

İştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiəsi, azad olunmuş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndiriblər. Onlar həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə ediblər.

Bu xülasə, konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülh, təhlükəsizlik və barışığın təşviq edilməsinə xidmət edir”.