“Qaynayan” Cənubi Qafqaza Pakistandan BAXIŞ: “Hindistan, İran və Ermənistanın koalisiya potensialı…” – Səna İmran

“Hindistanın silah sistemləri sadəcə, Ermənistanın Azərbaycana qarşı hərbi gücünü artırmayacaq, eyni zamanda, dolaşıq təhlükəsizlik matriksini də gücləndirəcək”.

Bu fikirləri Hindistanın Ermənistana hərbi dəstəyinin geosiyasi və regional təsirlərini dəyərləndirən İslamabad Milli Elm və Texnologiya Universitetinin (NUST, Pakistan) dosenti Səna İmran Yenicag.az-a açıqlamasında deyib.

Səna İmran bildirib ki, Türkiyə və Pakistan öz tarixi torpaqlarının azad edilməsi üçün Azərbaycana qeyd-şərtsiz, həm də zəmanətli dəstək verib:

“Keçmiş Rusiya, Osmanlı və digər imperiyaların tarixi ərazilərində yerləşmiş Cənubi Qafqaz coğrafi genişlik, dərin qədimilik və müasirlik cəhətləri ilə zəngindir. Bir müddət əvvəl irinli yara kimi sızlayan Dağlıq Qarabağ problemi rəşadətli Azərbaycan Ordusunun igid əsgərləri tərəfindən artıq öz həllini tapıb. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını az qala, otuz il davam etməsi BMT-nin Azərbaycanın xeyrinə qəbul etdiyi dörd qətnaməyə açıq-aşkar etinasızlıq nümayişi idi. Türkiyə və Pakistan öz tarixi torpaqlarının azad edilməsi üçün Azərbaycana qeyd-şərtsiz, həm də zəmanətli dəstək verib.

Digər tərəfdən, Ermənistan Rusiya və İrandan dəstək axtarışında olub. Bu yaxınlarda bölgəyə aidiyyatı olmayan oyunçu – Hindistan olduqca hərəkətli bir bölgənin təhlükəsizlik dinamikasını dəyişdirməyə çalışaraq, gündəmə gəlib. Ənənəvi olaraq, Ermənistan Hindistanın xarici siyasətini formalaşdıran idarəçilərinin prioritetlərini önəmsəmirdi, lakin bu yaxınlarda Hindistanın Ermənistana hərbi texnika ixracatı bu ölkənin uzun müddətdir davam edən münaqişədə iştirak etmək üçün daha dərin planlarını ortaya çıxarır.

Yeni Dehli İrəvanla birləşərək kifayət qədər müəyyən mövqe ortaya qoyub. Hindistanın Cənubi Qafqazın təhlükəsizliyində strateji maraqları getdikcə daha aydın görünür, çünki Hindistan öz geosiyasi nüfuzunu artırmağa çalışır. Bu yeni yaranmış iddialı olma prinsipi Hindistanın qlobal əhatəyə malik böyük bir güc kimi tanınmaq istəklərini nümayiş etdirir. Yeni Dehlinin İrəvana dəstəyi yalnız diplomatik güc nümayişi deyil, həm də ona bağlı mürəkkəb hərbi tellərə malikdir. Hindistandan Ermənistana çox sayda hərbi texnikanın göndərilməsi, o cümlədən, “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə raketlər, digər raketlər, döyüş sursatları və bu yaxınlarda Hindistan tərəfindən hazırlanmış anti-dron sistemi (“Zen”) eyni fikirləri əks etdirir.

Son məlumatlara görə, Hindistan Ermənistana “Akaş” hava hücumundan müdafiə sistemi ixrac etməyə hazırlaşır. Ermənistan üçün silahların son partiyası hazırda sınaqdan keçirilir və onların, xüsusilə, Azərbaycan pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı effektivliyi ilə bağlı müsbət rəy verilir. Hindistan silah sistemləri sadəcə, Ermənistanın Azərbaycana qarşı hərbi gücünü artırmaqla qalmayacaq, eyni zamanda, dolaşıq təhlükəsizlik matriksini də gücləndirəcək. Hindistan tərəfdən Ermənistana edilən silah satışları Azərbaycanda narahatlıqlara yol açarkən, Azərbaycan prezidenti İlham Əliyev baş verə biləcək potenisal münaqişələrə görə Fransa ve Hindistanı günahkar saymaqdadır.

Bu cür narahatlıqlara məhəl qoymayan Ermənistan Hindistanı etibarlı silah təchizatçısı kimi görməkdədir. Hindistan mediası isə bu silah satışının strateji geosiyasi fonunu Hindistanın Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı yönəldiyini vurğulayır. Hindistan bu səyləri ilə Cənubi Qafqaz regionunun mürəkkəb təhlükəsizlik şəbəkəsində gəzərkən, ənənəvi müttəfiqlərindən kənarda strateji tərəfdaşlıqlar qurmağa çalışır. Hindistan müdafiə sənayesini genişləndirmək üçün “Atmanirbhar Bharat” (Özünə Güvənən Hindistan) siyasəti altında diqqətini “Müdafiə Yerliləşdirməsi”nə yönəldib. Hərbi texnika və silah ixracı üçün Ermənistan özünü etibarlı bazar kimi təqdim edir.

Pakistan və Azərbaycan möhkəm diplomatik əlaqələrə malikdir. Bununla belə, iqtisadi əlaqələrin daha da yaxşılaşdırılmasına ehtiyac var. Əksinə, İslamabad Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. Pakistanın Azərbaycana dəstəyi həm də onun Bakının əsas dəstəkçisi olan Türkiyə ilə strateji əlaqələrinə bağlıdır. Pakistanın Azərbaycana ixracatı 2022-ci ildə cüzi 25,8 milyon ABŞ dolları təşkil edib. İkitərəfli ticarət dövriyyəsini daha da artırmaq məqsədi ilə Pakistan və Azərbaycan Preferensial Ticarət Sazişi (PTA) üzrə danışıqları intensivləşdirmək qərarına gəlib.

Bu ikitərəfli əməkdaşlıq təkcə iqtisadi sahə ilə məhdudlaşmayaraq, həm də iki qardaş ölkə arasında geniş əsaslı strateji tərəfdaşlığa yeni təkan verəcək. Eyni zamanda, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Münirin Azərbaycana bu yaxınlarda baş tutan səfəri hərbi sahədə əməkdaşlığı daha da gücləndirəcək. Hazırda müşahidə olunan regional asimmetriya o qədər də sadə məsələ deyil. Türkiyə və Pakistanın Azərbaycanı dəstəkləməsi, həmçinin Rusiya, İran və Hindistanın Ermənistana yardımları fonunda “qaynayan” Cənubi Qafqaz regionunda tədricən blokların yarandığını söyləmək səhv olmazdı.

Pakistan-Azərbaycan-Türkiyə birliyi zamanın sınağından çıxmış reallıqdır və heç kim onu heç bir uğursuzluqla səhv salmamalıdır. 44 günlük müharibədən sonra Ankara, Bakı və İslamabad üçtərəfli münasibətləri gücləndirmək üçün fəal olaraq birgə çalışmaqdadır. Bu çərçivədə 2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin Bakıda “Üç Qardaş-2021” adlı birgə hərbi təlimləri keçirildi.

Rusiyanın Ukraynaya başı qarışdığı halda, Ermənistan dəstək üçün gözlərini Hindistan və İrana tikib. Ermənistanın Hindistandan silah almağa keçid etməsi onun Rusiya və Sovet istehsalı olan hərbi texnikaya ənənəvi etibarının yenidən qiymətləndirilməsindən xəbər verməkdədir. Bu dəyişiklik həm də Rusiya ilə gərginliyə səbəb olub. Eyni şəkildə İranın Hindistan və Ermənistanla tarixi əlaqələrini vurğulamaq çox vacibdir. İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, iqtisadi və geosiyasi maraqları bu problemə əlavə mürəkkəblik qatıb. Yeni Dehli ilə strateji əlaqələri gücləndirən Ermənistan İran vasitəsilə Fars körfəzi – Qara dəniz dəhlizinin yaradılmasını təklif etməkdədir.

INSTC-nin (Şimal-Cənub nəqliyyat dəhlizi) genişləndirilməsi təşəbbüsünün məqsədi hind tacirləri ilə Rusiyanı əhatə edən və ondan kənarda Avropaya qədər olan regionlar arasında əlaqələri asanlaşdırmaqdan ibarət ola bilər. Pakistan, Azərbaycan və Türkiyənin yaratdığı “ox”u tarazlaşdırmaq üçün Hindistan, İran və Ermənistanın daxil olduğu üçtərəfli koalisiya potensialı mövcuddur”.

Dosent Səna İmranın sözlərinə görə, Hindistan iqtisadi gücündən və diplomatik nüfuzundan istifadə etməklə, Cənubi Qafqazda mühüm ittifaqlar qurmağa can atır, özünü “əsas oyunçu” kimi göstərməyə çalışır:

“Hindistanın Ermənistana hərbi yardımı gərginliyi artıra və potensial qaydada silahlanma yarışına yol açan geniş təsirlərə malik ola bilər. Cənubi Qafqazın regional dinamikası onun daxil olduğu bir çox regiondankənar oyunçuların payları ilə daha da mürəkkəbləşir. Ermənistanla Azərbaycan arasında gərginləşən münaqişə regional mürəkkəbliyin artması ilə daha da dərinləşir. Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazır olduğunu bildirib.

O baxımdan, burada məsuliyyətli vasitəçilik mütləqdir; əks halda, davam edən münaqişə Hindistan kimi qeyri-regional güclərin öz mövqelərini möhkəmləndirə və vəziyyətdən istifadə edə biləcəyi mühit yarada bilər. Bunun da potensial olaraq təhlükəsizlik dilemmalarına və silahlanma yarışına gətirib çıxarması çox realdır. Yeni Dehlinin regionda fəal iştirakı bölgədə qurulmuş güc balansını pozmamaq üçün ayıq monitorinqin və effektiv əks-tədbirlərin görülməsinin zəruriliyini qabardır”.

Səxavət Məmməd