“Rusiyada Brejnevin oğlundan tutmuş Stalinin qızına qədər hamı və hər şey haqqında bir serial çəkiblər. Bizdə bir dənə də belə serial yoxdur”.
“Azərbaycanda niyə tarixi film və seriallar çəkilmir” sualını cavablandırarkən tanınmış rejissor, peşəkar kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev Yenicag.az-a açıqlamasında deyib.
Rejissor tarixi film və serial bazarında hökm sürən boşluğun səbəblərini açıqlayıb:
“Hər hansı kinematoqrafiyanın bədii istehsalat imkanları onun nə dərəcədə keçmişi, tarixi ekranda canlandıra bilməsi qabiliyyəti ilə ölçülür. Bu qabiliyyət bizdə sıfır dərəcəsindədir. Nə rəssamlar, nə dramaturgiya, nə yanaşma buna imkan verir. Burada əsas olan amil tarixi hissiyyat, keçmişə mənsubiyyət hissi var. O hiss qətiyyən yoxdur.
Məsələn, Rusiyada Brejnevin oğlundan tutmuş Stalinin qızına qədər hamı və hər şey haqqında bir serial çəkiblər. Bizdə bir dənə də belə serial yoxdur. Nə qədər şəxsiyyətlərimiz var – Vaqif Mustafazadə, Mir Möhsün ağa, Mircəfər Bağırov və s. Amma bu şəxsiyyətlərin biri haqqında belə serial, film çəkmədilər. Çünki o tarixi mənsubiyyət hissi yoxdur. Gərək tarixi keçmişlə nəfəs ala biləsən. Keçmişi duymaqdan, hiss etməkdən ötrü savadlı adam olmaq lazımdır.
Keçmişə məhəbbət olmalıdır. İndiki uşaqlardan soruş, heç keçmiş geyimlərlə bağlı heç nə bilmirlər. Neçənci əsrdə və neçənci ildə hansı geyimlər olub, bunu mən bir-birindən gözəl ayırıram. Adamlar var 18-ci əsrin geyimini 19-cu əsrin geyimindən ayıra bilmirlər. Keçmişə məhəbbətin nəticəsidir ki, şəhəri gəzəndə, o binalara baxanda fikirləşirsən ki, bu binalarda kimlər yaşayıb.. Var elə adamlar, Bakını sevir. Amma bu cür adamlar kinoya gəlmir. Dramaturgiya baxımından çəkilən bütün tarixi filmlərimiz son dərəcə aşağı səviyyədədir. Dediyim kimi, tarixi mənsubiyyət hissi çox önəmlidir.
Rejissor “bəs nəticə necə olacaq, yaxın gələcəkdə tarixi serial və filmlərin çəkiləcəyinə ümid edək?” sualını da cavablandırıb:
“Artıq nəticəni görürük. Buna ümid də etmirik. Çünki kinoya gələn əksər insanlar təsadüfi insanlardır və kinoya sənət əsəri kimi baxmırlar. Məqsəd də pul qazanmaq, şöhrət və varlanmaq. Onları heç tanımaq da istəmirəm. Kinonu milli mədəniyyətin hissəsinə çevirmək məqsədi ilə gələnləri görmürəm”.
Cəvahir