Qazax teleaparıcı rusiyalı həmkarına SƏRT CAVAB VERDİ

Qazaxıstanla Rusiya arasında münasibətlər getdikcə gərginləşir. Bu, özünü hələ ki media səviyyəsində büruzə verir.

Yenicag.az Tengrinews.kz-a istinadən xəbər verir ki, qazax teleaparıcı Dinara Satjan rusiyalı həmkarı Tina Kandelakini tənqid atəşinə tutub.

O, Kandelakinin Qazaxıstanda dəmiryol stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı açıqlamasına sərt cavab verib.

Rusiyalı jurnalist Tina Kandelaki öz Telegram kanalında Qazaxıstanda rus dilinin zorla çıxarıldığını bildirib. Buna səbəb bir neçə vağzalın adının dəyişdirilməsi olub.

Dinara Satjan bu paylaşıma belə cavab verib:

“Hörmətli Tina! Əvvəla, biz müstəqil suveren dövlətik. Yaxşı bir rus atalar sözü var: “Öz qaydaların ilə başqasının monastırına qarışma”. Gəlin, hansı dəmir yolu vağzalını necə adlandıracağımıza özümüz qərar verək.

İkincisi, müstəqillik illərində Qazaxıstan Sovet hakimiyyəti illərində itirdiyi ana dilini tədricən geri qaytarır.

Üçüncüsü, rus dili ölkəmizdə rəsmi millətlərarası ünsiyyət dili, qazax dili isə dövlət dilidir. Bu, Konstitusiyamızda təsbit olunub.

Rus dilinin sıxışdırılmasının bununla nə əlaqəsi var? Biz təkcə dövlət dilində deyil, həm də rus və ingilis dillərində danışırıq. Bu, bizim gücümüzdür!”, – deyə Satjan bildirib.

Xatırladaq ki, Qazaxıstanda bir sıra dəmir yolu stansiyalarının, o cümlədən hələ də “Nur-Sultan” adını daşıyan Astana stansiyasının adının dəyişdirilməsini planlaşdırırlar. Dəyişikliklər layihəsi yanvarın 22-dək ictimai müzakirəyə çıxarılıb.

Xuraman Etibarlı

COP29