Qazaxda avtomobil aşıb, xəsarət alanlar var

Qazax rayonunda axşam saatlarında bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, Gürcüstan vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər: Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu və Ağstafa rayon sakini, 1983-ci il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıblar.

Hadisə zamanı adı hələlik açıqlanmayan sürücü özü də xəsarət alıb. Həkimlər sürücünün vəziyyətinin normal, sərnişinlərin vəziyyətinin isə orta-ağır olduğu bildiriblər.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az