!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda nə var, nə yox? - Haqsız iftiralara haqlı cavab

!Reklam – Yazi

Son aylar işlərimlə əlaqədar olaraq doğma yurda, bizim Qazağa tez-tez gedib-gələsi olmuşam. Düzünü deyəcəyəm, əvvəllər Qazaxda rayon rəhbərliyi səviyyəsində baş verən bəzi xoşagəlməz neqativ olay və əməllərə görə çoxlarını qınayırdım, elə özümü də qınayırdım. Həssas və məlumatlı oxucular biləcək ki, nəyə və hara toxunuram. Nə isə, keçirəm birbaşa öz ampluama. Deməli hər dəfə rayona gedib, gəldikcə Qazax şəhərində və kəndlərdə gördüyüm dəyişikliklər məndə müsbət fikirlər yaratmağa başladı. Həqiqətən də Qazax çox gözəlləşib.

Haşiyə.

İki il bundan öncə, yəni 19 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rəcəb Abas oğlu Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Doğrusu hamı ümidli idi ki, bu təyinatla rayonda geri qalmış sahələrdə irəliləyiş baş verəcək, insanlar məmur süründürməçiliklərindən, əsassız bürokratik əngəllərdən az da olsa can qurtaracaq. Amma bu yerdə bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Özüm də bir qazaxlı olaraq etiraf edim ki, Qazax camaatı xaraktercə çox ağır və ötkəm camaatdır. Həm də Qazax royonu dədə-babadan maarif beşiyi olduğuna görə burada oxumuş, savadlı, hərtərəfli insanlar çoxdur. Ona görə də bu rayonda çoxlu rəngarəng fikirli insanlar olduğundan ortaq fikirə gələ bilmək bir qədər çətin olur. Düşünürdük ki, yeni başçının təyinatından sonra bəzi məsələlər də həllini tapa biləcək… Sevindirici haldır ki, ümidlər çox tez doğrulmağa başladı. Fəaliyyətin ilk günündən rayonda hədəflər, perspektivlər, məqsədlər açıq-aydın formada ortaya qoyuldu. Qəti addımlar atıldı. Qayda-qanunu pozan, qanunun tələblərinə uyğunlaşmayan məmurlar vəzifələrindən, görəvlərindən uzaqlaşdırıldı. Rayonun bütün strukturları arasında saat mexanizmli bir idarəetmə üsulu yaradıldı. Qısa müddət ərzində məmur otaqlarından başlanan vətəndaş məmnunluğunun çevrəsi genişlənərək sosial rifahın yüksəlməsinə təsir etdi. Məktəblərə göstərilən diqqət və qayğı sayəsində şagirdlərin respublika üzrə təhsil səviyyələri də artmışdır.

Bu qeyd etdiyim uğurlu işlərin başında isə cənab Prezidentin Qazağa yeni təyin etdiyi icra başçısı – Rəcəb Babaşov dayanırdı. Lakin vəzifəsindən uzaqlaşdırılan, əlindən “yağlı tikə”ləri çıxan “Salman”lar və “Məmmədxan”lar isə rayonda əldə edilən bu uğurlardan, yeniliklərdən, insanların haqlarının müdafiəsindən narazı qalaraq aman yeri, güman yerləri olan, qara piar aparan saytlara üz tutdular. Oğrun-oğrun ordan burdan əldə etdikləri yalan-yanlış məlumatlara öz məqsədlərinə uyğun don geyindirərək bir çox yanlış fikirlər də əlavə edib cəmiyyətin fikrində çaşqınlıq yaratmaq istəyirdilər. Amma bu fikirləri yazan əqidəsiz insanlar nədənsə öz adlarının çəkilməsindən qorxub anonim yazırlar. Ona görə də rəhbərlik səviyyəsində bu yazılara, şər-böhtanlara fikir verilmədən Qazaxda start götürən inkişaf daha sürətlə davam etdirildi. Rayonla mütəmadi olaraq əlaqələr saxlayırdım. Rayonda görülən işlər haqqında “Göyəzən.az” internet portalından məlumat alırdıq. Bir sözlə qısa müddət sonra forma dəyişiklikləri məzmun dəyişikliyinə, keyfiyyət irəliləyişinə keçdi.

Tam əminliklə deyə bilərəm ki, rayonda, əsasən, rüşvət faktorunun kökü kəsildi. Vətəndaş hansı idarə və təşkilata gedirdisə xoş rəftarla, səmimi ünsiyyətlə qarşılanır və müraciəti onu qane edəcək formada izah edilib razılıqla yola salınır. İqtisadiyyatın kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, yüngül sənaye istiqamətləri inkişaf etdirilərək yeni-yeni iş yerləri açıldı. Kəndarası yolların yenidən qurulmasına, bərbasına başlanıldı. Bütün bu inkişafı gördükcə hər dəfə ürəyimə gəlirdi ki, bir ziyalı olaraq, qazaxlı olaraq rayonda görülən işlər haqqında bir yazı hazırlayıb ortaya çıxardım. Yaxın bir dostum da mənə o fikirdə olduğunu deyirdi. Ona görə də düşündüm ki, Rəcəb Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsinin iki illiyi ilə bağlı bu yazını hazırlayaq. Amma bu gün internetdə qarşıma çıxan qarayaxmalarla dolu, mənasız bir yazını görcək dayana bilmədim və o yazı müəllifinə ondan fərqli olaraq açıq formada, öz adımla cavab verirəm: Yazırsan ki, “Qazağa təyinat alarkən rüşvətə qarşı mübarizə aparacağını bildirən Rəcəb Babaşovun ətrafında indi rüşvətxorlar toplaşıb. Bu gün Qazax rayonun əsas problemi rüşvət, korrupsiyadır”. Sənə bir sual verirəm: “Mən də qazaxlıyam və Qazaxda da çox adam tanıyıram. Gəl gedək rayona və insanlardan bir-bir soruşaq ki, kim Rəcəb müəllimin ətrafındakı insanlara nəyə görəsə pul verib?” Tapmayacaqsan. Ayıbdır! Bir də bəlli olan odur ki, Rəcəb Babaşovun hansı kadrla işləməsinin elə də fərqi yoxdur, onun üçün əsas odur ki, işləyən insan dövlətə sədaqətli, xalqa xidmətdə düzgün işləsin. Məlumat üçün deyim ki, icra başçısına ünvanlanan şikayət məktublarını Rəcəb müəllim çox vaxt şikayət edilən ünvana gedərək yerində araşdırır və qərarı da birbaşa oradan verir.

Yazırsan ki, “Qazaxda rüşvət ayaq tutub yeriyir və rayon icra hakimiyyəti başçısının birinci müavinin birbaşa rəhbərliyi ilə məmurlar əhalinin canına bit- sirkə kimi daraşıb”. Deyirəm ki, doğrudan da insan nə qədər ədalətsiz, tərbiyəsiz olsun ki, haqqı dansın, unutsun. Ay adam, bir get kəndlərə, insanların qürurla dediyi: “Mən filan arayışı, filan sənədi alanda bir manat da vermədim”, – sözlərini öz qulağınla eşit. Bəlkə sən yatıb qalıbsan və hələ də 2 il öncəki hava ilə nəfəs alırsan. Ola bilər! Elə sən və sənin kimiləri yatıb qalsa yaxşıdır. Yazırsan ki, “hazırda isə icra başçısı Qazaxda heç bir abadlıq işləri aparmır. Şikayətlərə də baxmır, daha doğrusu qulaq ardına vurur. Sanki Qazaxın icra başçısı üçün Qazaxın problemləri yoxdur. Bunun əvəzində isə Rəcəb Babaşovun “darğaları” əhalinin canına daraşıb rüşvət toplayırlar”. Əvvəla sənin Qazağn Baş planından xəbərin yoxdursa, bu da sənin öz günahındır. Amma inanmıram ki, xəbərin olmasın. Olar, çünki iybilməkdə mahirsən. Qazaxda yarımçıq qalan rayon xəstəxanasının binasının sürətlə tikilməsini görməmisənmi? Qazağın simvolu olan “Dəliboz” atın heykəlinin yenidən ucaldılmasını, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun şərəfinə yeni məkanda ucaldılan təyyarə abidədən də xəbərsizsən? Yoxsa “Dədə Qorqud” parkının necə gözəl tərtibatda dizaynından da xəbərsizsən? Qazağın yaxın günlərdə ümumi kanalizasiya sisteminin yenidən qurulması haqqında eşitməmisənmi? Kosalara, Aşağı Salahlıya çəkilmiş, ümumi uzunluğu 30 km-dən çox olan yoldan, yaxın vaxtlarda isə Xanlıqlara çəkiləcək yoldan da xəbərsizsənmi? Rayonda yeni istifadəyə verilən tibb məntəqələrindən, uşaq baxçalarından da xəbərsizsən? Bir daha Hannibal andı içərək, bütün oxuculara bildirmək istəyirəm ki, əziz və dəyərli oxucular, sizə tam məsuliyyətimlə deyirəm ki, bu yazdıqlarım fikirlər subyektiv fikrimdir və heç bir şişirtmə və mübaliğədən istifadə etməmişəm. Nə də bu yazıda ifadə etdiyim fikirlərə görə kimlərdənsə təşəkkür almaq istəyim yoxdur. Sadəcə, vicdanımın tələbi idi, bunları yazmaq.

Dahilərdən hansısa deyib ki, həqiqət ən iti qılıncdır. Həqiqətən də bu gün icra başçısı Rəcəb Babaşov Qazağı respublikamızın ən inkişaf etmiş şəhərlərindən birinə çevirmək istiqamətində çalışır. Qazaxın Baş planına uyğun olaraq rayonda böyük işlər görülür. Şəhərdə, kəndlərdə istehsalat sahələri, iaşə obyektləri, təsərrüfat subyektləri gündən-günə böyüyür ki, bu da əhalinin maddi rifah halını yaxşılaşdırır, yeni iş yerləri açılır. Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin regionlarla bağlı həyata keçirmək istədiyi böyük işlərin əsasıda dayanır. Tanrı bu yolda Prezidentimizə və icra başçımıza kömək olsun. Qədirbilən qazaxlılar da həmişə bu işlərə dəstək olub daim yaxşı əməllərə çiyin verib başlanmış işlərə kömək edəcəklər. Mən şəxsən çox sevinirəm ki, bizim Qazağa belə bir başçı rəhbərlik edir. Rəcəb Babaşov Qazağa başçı təyin olunduğu gündən “bütün qazaxlılar mənim üçün çox doğma və əzizdir. Qazaxın qadınları mənim anam, bacılarım və qızlarımdır”, – dedi. Qısa müddət ərzində Qazaxda həyata keçirilən həm sosial layihələr, həm iqtisadi inkişaf, həm maddi rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər aparan başçı,əziz qazaxlılar, hələ görəcəyimiz işlər öndədir, – deyərək bizi daha da uğurlara səsləyir…

Uğurlar! Uğurlar sizə böyük şəxsiyyət, əsl Qazaxlı, əsl Azərbaycan türkü. Əmin olun ki, Qazax camaatı bundan 100 il, 1000 il sonra da sizi böyük ehtiram, məhəbbət və sevgi ilə dəyərləndirəcəklər. Çünki Qazağa yeni baxış gətirərək Qazağın tarixi keçmişini, mədəniyyətini, adət-ənənəsini, iqtisadi gücünü özünə qaytardız. Siz Qazaxda insanları bir-birinə sevgi çevrəsinə dəvət etdiniz. Siz Qazaxda haqqı yeyiləni haqqı yeyən üzərində ucaltdız. Bu özü bir əxlaq nümunəsi idi ki, siz sərgilədiz. Qazaxın son zamanlar unudulmuş insanlarını yad etdiniz, onları bir daha ucaltdınız. Əminəm ki, min illik tarixi olan qədirbilən Qazax camaatı da həmişə bu dəyərlər müqabilində vətənə, dövlətə, dövlətçiliyə daha möhkəm bağlarla bağlanıb daim dövlətə nümunəvi sədaqət nümayiş etdirəcəklər.

Yusif Alıyev (Afşar)
Fizika üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Elm və innovasiyalar şöbəsinin müdiri,
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü

www.yenicag.az

3258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv