Qazaxın 7 kəndi ermənilərdən boşaldılır? – Yeni məlumatlar

Qazaxın işğal altında olan 7 kəndinin boşaldılması ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az xəbər verir ki, erməni mənbələr Barxudarlı kəndinin boşaldığını, digər kəndlərin (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) təhvil verilməsi ilə bağlı işlər aparıldığını yazır.

Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin boşaldılmasını faciə kimi qiymətləndirirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.

Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Qazaxın işğal altındakı hissələrini boşaldacaq.

Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı – 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

Qeyd edək ki, 10 noyabr tarixli bəyanatdan sonra faktiki olaraq, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi yenidən qurulur. Çünki 1992-93-cü illərdəki işğaldan sonra Zəngilan və Qubadlının bəzi əraziləri Ermənistana ilhaq edilmişdi. Həmin ərazilər son vaxtlar Rusiya süləhməramlılarının vasitəçiliyilə yenidən demarkasiya və delimitasiya olunub və Ermənistandan geri alınaraq, Azərbaycana təhvil verilib.

Belə görünür ki, artıq növbə Qazaxın işğaldakı kəndlərinə çatıb. Qeyd edək ki, bəhs etdiyimiz 7 kənd Azərbaycanın Ermənistan ərazisindəki həm eksklavı, həm anklavı sayılır. Həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Bunun üçün kəndlərə dəhliz açılıb-açılmayacağı barədə hələ ki bir qərar yoxdur…