Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir və rəsmi Bakı Astananın bu təklifini nəzərdən keçirəcək.
Yenicag.az Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı səfir Qazaxıstanda taxıl biçini barədə məlumat verib və Azərbaycana tədarükün həcmini artırmağa hazır olduqlarını bildirib.
Öz növbəsində R.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi Qazaxıstandan taxıl və digər məhsulların idxalında maraqlıdır və Qazaxıstanın bu təklifini nəzərdən keçirəcək.
Görüşdə tərəflər həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sektorlarında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.
R.Məmmədov bildirib ki, son iki ildə Qazaxıstan və Azərbaycan dövlət başçılarının 9 qarşılıqlı səfəri olub ki, bu da ikitərəfli əməkdaşlığın inkişafına töhfə verib. Bu kontekstdə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi, Qazaxıstanın enerji resurslarının Azərbaycan ərazisindən tranziti, eləcə də eləcə də Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi kimi iri birgə layihələrin uğurla həyata keçirildiyini vurğulayıblar. Mədəni-humanitar əlaqələrin inkişafına xüsusi diqqət ayrılıb.
Görüşdə səfir Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Diplomat Qazaxıstan tərəfinin Azərbaycanla yeni birgə layihələrin, o cümlədən cari ildə yaradılmış və ilkin kapitalı 300 milyon ABŞ dolları olan Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun cəlb edilməsi ilə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Bundan əlavə, o qeyd edib ki, Qazaxıstan şirkətləri Azərbaycanda, o cümlədən Qarabağ regionunda müxtəlif infrastruktur obyektlərinin tikintisində iştirak etməyə hazırdırlar.