Qazaxıstan hakimiyyəti qeyri-qanuni qeydiyyata görə inzibati məsuliyyəti sərtləşdirməyi və yerli miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların ölkədən çıxarılması qaydalarını sadələşdirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, belə bir bəyanatla Qazaxıstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Polisi Komitəsinin sədri Aslan Atalıkov çıxış edib.
Onun sözlərinə görə, respublika rəhbərliyi miqrasiya nəzarətinin gücləndirilməsinə yönələcək yeni düzəlişlər paketi hazırlamaq niyyətindədir. Xüsusilə, Qazaxıstanda 30 gündən çox qalmaq niyyətində olan əcnəbilərin qeydiyyatı institutunun bərpası planlaşdırılır. Eyni zamanda o, ölkədə qalma müddəti 30 gündən çox olmayan turistlərin bu yeniliklərdən təsirlənməyəcəyinə də aydınlıq gətirib.
“Qeyri-qanuni qeydiyyata görə inzibati məsuliyyətin sərtləşdirilməsinə dair düzəlişlər hazırlanır”, – Atalıkov bildirib.
O əlavə edib ki, Qazaxıstanda miqrasiya qanunlarını pozanlar üçün yeni deportasiya institutu yaranacaq. Onun sözlərinə görə, Qazaxıstan DİN əcnəbilərin ölkədən çıxarılması ilə bağlı mövcud proseduru mürəkkəb hesab edir. Yeni qaydalar miqrasiya qanunvericiliyini açıq-aşkar və davamlı olaraq pozanların ölkədən çıxarılmasını sürətləndirmək üçün nəzərdə tutulub.