Qazaxıstanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş konfrans keçirildi – FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibəti ilə onlayn videokonfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyi tərəfindən təşkil olunan videokonfransda paytaxtla yanaşı, bölgələrdəki Azərbaycan icmasının rəhbər şəxsləri və fəalları, Qazaxıstanın regionlardakı məclislərində təmsil olunan soydaşlarımız iştirak edib.

20 Yanvar faciəsindən bəhs edən qısametrajlı filmin nümayişi ilə başlayan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, videokonfransı təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyin necə əvəzsiz bir miras olduğunu bir daha xatırlatmaqdır. Onun sözlərinə görə, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsi oldu.

Səfir çətin illərdə Azərbaycan ziyalılarının, xüsusilə Ulu öndər Heydər Əliyevin cəsarətli mövqeyinin xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynadığını vurğulayıb.

Diplomat qeyd edib ki, 1988-ci ildən erməni separatistlərinin başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silahlı müdaxilə yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Amma, Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi. Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda 30 ildən artıqdır davam edən mübarizəmiz nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən Müharibəsi və Zəfərlə nəticələndi.

Səfir həmin çətin günlərdə dövlətimiz və xalqımızla həmrəy olan, dəstək nümayiş etdirən xarici ölkələrdə yaşayan soydaşlarımıza və Qazaxıstandakı icma üzvlərinə Azərbaycan dövləti adından təşəkkürünü bildirib.

Videokonfransda çıxış edən icma fəalları 20 Yanvar hadisələrini müstəqillik tariximizin dönüş nöqtəsi və qəhramanlıq salnaməsi kimi karakterizə ediblər.

Sonda Səfir Rəşad Məmmədov 10 noyabr tarixində Qazaxıstan Parlamenti Məclisinə və yerli qanunverici orqanlara – Məslixatlara seçkilərdə uğur qazanan soydaşlarımızı təbrik edib və onlara fəliyyətlərində uğurlar arzulayıb.

COP29