Gəncədə qanunsuz spirtli içki satan ağdamlı məcburi köçkün saxlanılıb.
Yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan qəsəbəsində qeydiyyatda olan Ağdamdan olan məcburi köçkün Cəlal Mirzəyev saxlanılıb. Onun barəsində idarəyə istehlakçıları aldatması, saxta və keyfiyyətsiz spirtli içki məhsulları və əmtəə nişanlarını Gəncə şəhəri və ətraf rayonlarda qanunsuz satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olub.
C.Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Avtomobilə baxış keçirilən zaman yük və salon hissəsindən 3 ədəd plastik qabda 60 litr həcmində spirt, 357 ədəd üzərində müxtəlif markalı rus araqlarının əmtəə nişanları olan boş şüşələr, 218 ədəd tıxac, 25 ədəd Rusiya aksiz markası aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır. (Kəpəz tv)