Qazi və şəhid ailələrinin SIĞORTA TƏMİNATI: “Bu layihələr onların həm əylənməsinə, həm də gələcəyinə…”
“Artıq ikinci ildir ki, “PAŞA Sığorta” şirkəti “PAŞA Holdinq”in dəstəyi ilə 18 yaşınadək şəhid övladlarının tibbi sığortasını təmin edir”.
Bu fikirləri ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq təşkilatı ilə “PAŞA Sığorta”nın maliyyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və CPT Coach” mobil tətbiqinin təqdimat mərasimində çıxış edən “PAŞA Sığorta” şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova deyib.
Onun sözlərinə görə, son illər ərzində ən çox diqqət yetiririlən layihələr arasında Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərimizə həsr olunmuş layihələr xüsusi yer tutur:
“PAŞA Sığorta” şirkəri artıq 18 ildir ki, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Biz korporativ, sosial, mədəniyyət layihələrində çox fəal iştirak edirik. Son illər ərzində ən çox diqqət yetirdiyimiz layihələr içərisində Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərimizə həsr olunmuş layihələrdir.
Bundan öncə həmin istiqamətdə bir neçə layihələrimiz reallaşıb. İki il bundan öncə şəhid ailəsi üzvü olan işləyən xanımlarımıza, qazilərimizin xanımlarına həsr olunmuş “Anan sahibkar” layihəsi həyata keçirilmişdi. O layihə çərçivəsində otuzdan çox xanıma sahibkarlıq sahəsində müxtəlif istiqamətlər üzrə biliklərinin artırılması məqsədilə təlimlər keçirilmişdi. Bu gün də həmin xanımlardan bir neçəsi fəal olaraq bizneslərini davam etdirə bilirlər.
Şəhid övladlarına həsr edilmiş bir sıra layihələrimiz də həyata keçirilib. Həmin layihələr onların həm əylənməsinə, həm də gələcəyinə həsr edilib. Artıq ikinci ildir ki, “PAŞA Sığorta” şirkəti “PAŞA Holdinq”in dəstəyilə 18 yaşınadək şəhid övladlarının tibbi sığortasını təmin edir. Bu gün bizim bir araya toplaşmağımıza səbəb olan bu layihəni də xüsusi qeyd etmək istəyərəm. Çünki biz adətən, travmadan danışanda, ilk olaraq bədənimizə dəyən travma ağlımıza gəlir. Lakin insanlar psixoloji travmadan daha çox əziyət çəkirlər.
Bu layihə qeyd olunan sahədə müharibədən çıxan vətəndaşlarımıza dəstək verə biləcəyimiz üçün bizə qürur hissi yaşadır. Mən layihəyə bu istiqamətdə dəstək olan bütün qurumlara öz minnətdarlığımı bildirirəm. Psixologiya çox mürəkkəb sahədir. Psixoloqlarımız öz işlərini həyata keçirərkən, çox böyük əmək sərf edirlər. Bu layihədə yaxından iştirak edən psixoloqlarımıza da təşəkkürümü bildirirəm. Düşünürəm ki, fəaliyyətiniz, vətəndaşlarımıza peşəkar yardımınızla gələcəkdə Azərbaycana böyük töhfələr verəcəksiniz”.
İsmayıl Bakuvi