Qazilər Hərbi Qənimətlər Parkında – FOTO

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 103-cü illiyi ilə əlaqədar olaraq regionlardan olan bir qrup Vətən müharibəsi qazisinin iştirakı ilə Bakı şəhərində silsilə tədbirlər həyata keçirilib.

Yenicag.az xəbər verir ki, Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib. Səfər çərçivəsində I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarətlərin davamında qazilərlə rəsmilərin iştirakı ilə qeyri-rəsmi formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Naqif Həmzəyev, Müşviq Cəfərov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Tofiq Əzizov iştirak ediblər. Rəsmilər çıxışlarında builki tədbirin özəlliyini vurğulayaraq müasir müstəqillik tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyümüzün bərpası fonunda qeyd olunduğunu diqqətə çatdırıblar. Natiqlər tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışıblar.

Günün yekununda isə qazilərin və könüllü gənclərin iştirakı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib. Növbəti günlərdə digər regionlardan olan qazilərin də Bakıya səfərlərinin təşkili nəzərdə tutulur.