Qazilərin dinc həyata UYĞUNLAŞMASI: “İntiharların qarşısını almaq və digər problemlərin həlli üçün…” – Tərlan Eyvazov

“Sahə həkimləri, icra nümayəndələri, bələdiyyələr qazilərin vəziyyəti ilə müntəzəm maraqlanmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən müharibəsi iştirkçılarının üzləşdikləri problemlər, o cümlədən, savaş veteranları arasında intihara əl atmaq hallarına və dövlətin bu çərçivədə atmalı olduğu addımlara münasiət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov uzun illər məhz bu problemlərlə işlədiyi üçün məsələnin çox çətin və məsuliyyətli olduğunu vurğulayıb:

“Bütün müharibələrin sonlarında intihar sindiromu olur. İkindi Dünya müharibəsi yekunlaşdıqdan sonra savaşdan qayıdan insanların bir çoxu hətta Stalin rejimi kimi sərt şəraitdə belə dinc həyata uyğunlaşa bilmirdilər. O dövrdə çox böyük kriminal qruplar yaranmışdı və onlara qarşı qarşı çox sərt tədbirlər görülürdü. Hətta o qrupların zərərsizləşdirilməsi üçün bəzən ordu hissələrindən də istifadə olunurdu.

Stalindən sonrakı dönəmdə isə bu problem qismən öz həllini tapmağa başladı. Çünki Sovet hökumətinin gəlirləri artır və insanların güzaranı müəyyən qədər yaxşılaşırdı. Ona görədə də, kriminal elementlər tədricən zəifləyirdi. Bu isə problemin həllinə imkan yaradırdı”.

Hərbi ekspert bidirib ki, eyni sindirom Vyetnam müharibəsindən sonra ABŞ da yaşanıb:

“ABŞ Vyetnam savaşında 58 min itki vermişdi. Həmin müharibənin ağrı-acısı uzun müddət ABŞ cəmiyyətində hiss olundu. Olduqca dəhşətli bir müharibə idi. O odun-alovun içindən keçən adamlar cəmiyyətə qarışa bilmirdilər. Bu səbəbdən, kriminal xarakterli olaylar daim təkrarlanırdı. Müharibədən sonra çoxalan kriminal bandaların artması fonunda veteranlar arasında intiharlar da çoxalırrdı.

ABŞ həmin insanların yenidən cəmiyyətə qazandırılması üçün müəyyən işlər gördü, proqramlar həyata keçirdi. Şəxsən iştirak etdiyim Əfqanıstan müharibəsindən də nümunə gətirə bilərəm. 9 il bir ay çəkən müharibədə SSRİ-dən 600 mindən çox hərbçi iştirak etmişdi. Əfqanıstan müharibəsi iştirakçılarının özündə də müəyyən problemlər yaşanmağa başladı. Müharibədən qayıdanlar arasında intihar halları çox idi. Bundan əlavə, onların bir çoxunun kriminal aləmə qoşulduğu da heç kimə sirr deyil.

Sovet hökuməti bəlli idieologiya üzərində qurulduğuna görə o dövrdə pioner, komsomol təşkilatları, fondlar, həmkarlar təşkilatları müharibə iştirakçılarının reabilitasiyası ilə yaxından məşğul olurdular. Həmçinin komsomolun xətti ilə, Əfqanıstan müharibəsi iştirakçılarının cəmiyyətləri yaradıldı, onlar özləri də bu işə qoşuldu. Sovet hökuməti üçün 600 min nəfərə yaxın insanın qayğısına qalmaq elə də çətin məsələ deyildi. Mənim özümün sədri olduğum Qaradağ rayon tşkilatının üzvlərindən elə bir adam olmadı ki, onlara ev verilməsin. “Əfqanlar” hər il sanatoriyalara göndərilirdi, işlə təmin olunurdular, ali məktəblərə müsabiqədən kənar qəbul edilirdilər və sair. Ancaq bütün bunlara baxmayaraq, müəyyən sayda intihar halları baş verirdi. Digər tərəfdən, SSRİ-nin dağılması, 15 müstəqil dövlətin yaranması, onların çoxunun ərazisində münaqişələrin yaranması vəziyyəti daha da ağırlaşdırırdı.

Bu səbəbdən, müstəqilliyimizin ilk illərində Əfqanıstan müharibəsi iştirakçılarının bəlkə də hər birini yetərli qayğı ilə əhatə edə bilmədik. Neft müqavilələri imzalanandan və ölkəyə pul gəlməyə başlayandan sonra məsələ nisbətən düzəlməyə başladı”.

Tərlan Eyvazov qeyd edib ki, problemdən çıxış yolu müharibə iştirakçılarına sadəcə, sosial qayğı göstərilməsi deyil:

“Birinci Qarabağ müharibəsinə gedəndə məktəbdə müəllim işləyirdim. Qayıdanda, məni həmin məktəbdə öz işimə bərpa etmədilər. Əslində, belə olmamalı idi. Harada iş axtarırdıqsa, deyirdilər, uduzmusunuz. Fikrimcə,bu sayaq bütün probmlemlər dövlətin qəti müdaxiləsi ilə birbaşa həll edilməlidir. Qısa zaman kəsiyində möhtəşəm qələbə qazandıq. Müharibənin öz qanunları var. İndi baxırıq ki, 44 günlük müharibədə iştirak edənlərlə birinci müharibədə iştirak edənlər arasında fərqlər qoyulmağa başlayıb. Bu da narazılıqlara gətirib çıxarır.

Bu cür təbliğatın aparılması yaxşı nəticələr verməyəcək. Konstitusiyaya əsasən, hər bir vətəndaş öz ölkəsinin müdafiəsində iştirak etməlidir. Buna görə müqayisə aparılmamalıdır. Dövlətin Konstitusiyası və qanunları bütün vətəndaşlara şamil olunur və hər kəs ondan bəhrələnir. Müharibədə yaralanan şəxslərin bütün müalicəsini dövlət öz üzərinə götürməlidir. Müharibə iştirakçıları sanatoriyalara göndərilməli, orada bərpa prosesləri keçməlidirlər. Onlarla psixoloqlar işləməlidir.

Bunun üçün müəyyən proqramlar hazırlanmalıdır. Təəssüf ki, biz bunları görümürük. Kimsə tələb edirsə ona verirlər, etmirsə, qalırlar kənarda. Sahə həkimləri, icra nümayəndələri, bələdiyyələr qazilərlə müntəzəm maraqlanmalıdır. Onlar düşünməməlidir ki, müharibədə lazım idim, dinc dövrdə yox. Həmin insanlarda əsəbilik, çılğınlıq qalır. Onların hamısı reabilitasiya mərkəzlərinə aparılmalı və sağlamlıqlarını bərpa edilməlidirlər. Kurort zonaları var, onlara kvotalar ayrılmalıdır. Turizim şirkətləri də bu işə cəlb edilməlidir”.

Səxavət Məmməd