Qazilərin intihara meyilliliyinin SƏBƏBİ – “Müharibə problemləri həll edən vasitə deyil” – Hipnoterapevtdən ŞƏRH
“Bəzilərinin bəlkə də psixologiyasında belə bir fikir formalaşıb ki, sanki müharibədən sonra bütün problemi həll olacaq. Amma müharibə problemləri həll etmək üçün deyildi. Acı da olsa, bu, belədir”.
Bu fikri dünən bir qazinin sosial şəbəkədə canlı yayım açaraq intihar cəhdi, bu günə qədər bir neçə qazinin intihar etməsi və cəmiyyətdəki aqressiyanın səbəblərindən danışan hipnoterapevt Jalə Abbasova Yenicag.az-a açıqlamasında səsləndirib.
Jalə Abbasova bildirib ki, bir çoxları müharibədən qayıdandan sonra bütün problemlərinin həll olacağını gözləyirdi, bu isə mümkünsüz məsələdir:
“Məsələyə başqa rakursdan baxmaq lazımdır. Müharibə başlayanda tanıdığımız, tanımadığımız onlarla insan “vətən bizimdir”, “vətəni biz qorumalıyıq”, “müharibəyə getməsəm övladıma qalacaqdı” – deyə, düşünürdülər. Bu rakursdan çıxış edib müharibəyə gedən adam dövlətin diqqətsizliyindən niyə narazıdır? Deməli bu adam, dövlət mənə baxacaq fikri ilə bugünkü uğursuz həyatının xilası üçün müharibəyə gedibmiş? Buna görə də, deyə bilərik ki, bu insanların müharibəyə gedərkən psixologiyalarında bir problem var imiş. Bir çox insanlar müharibəyə qədər maddi və mənəvi cəhətdən problemlər içərisində boğulurdular. O vaxt etirazlarını çatdırmırdılar. Müharibədən qayıdandan sonra bunu açıq şəkildə ifadə edirlər. Sanki müharibədən əvvəl bu problemləri yox idi. Müharibə problemləri həll edən bir vasitə deyil.
İctimaiyyət arasında intihar etmək diqqət çəkmək üçündür. O şəxslərin dünən müharibəyə getmək istəyinin də səbəbi diqqət çatışmazlığı idi. Düşünürdü ki, müharibədən qayıdanda, kinolardakı kimi hərbi formada gələn adamı göyə atıb-tutacaqlar. Bir çoxlarının illuziyası bu idi. Orduda əsgərlərdən sonra ən çox şəhid olanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) oldu. O MAXE-lər uzun illər idi ki, xidmət edirdi, dövlətdən yüksək maaş alırdı. Onlar bilmirdilər ki, harada işləyirlər? Müharibə şəraitində olan ölkə niyə bu qədər MAXE-yə pul verirdi? Bunu heç kim anlamırdı? Müharibə başlayan kimi də, həmin MAXE-lər ön cəbhəyə göndərildi. İnsanlar bu məqamı başa düşmürlər. Hərbi peşəni seçən hər bir şəxs ölümü gözə alır. Bu, yeganə peşələrdəndir ki, ölüm riski ən yüksəkdir. Yaxın qohumum pilot idi və şəhid oldu. Bizim haqqımız yoxdur ki, çıxıb deyək ki, niyə şəhid oldu? Çünki o peşənin bir ucu ölümdür”.
Ölkədə müharibədən əvvəl olan aqressiya müharibədən sonra daha da çoxalıb. Bunun səbəblərinə gəldikdə isə Jalə Abbasova qeyd edib:
“Müharibəyə qədər insanlarda əziklik sindromu var idi. Məğlub ölkənin vətəndaşları idik. Bu təkcə Qarabağ müharibəsi ilə əlaqədar deyil. Əsirlərdir bizim torpaqlarımızı əvvəl xanlıqlara parçaladılar, daha sonra o xanlıqları zəiflədib, bir-bir məhv etməyə başladılar. Çar Rusiyası Azərbaycana daxil olanda bu xalq o ağrını özündə daşıyırdı. Sonra Sovet İmperiyası gəldi və sonda Qarabağda məğlubiyyət yaşandı. Bu əziklik nəsildən-nəsilə ötüb gəldi. Bugünkü 44 günlük müharibəyə qədər əziklik sindiromu var idi. Bu bizim folklorumuzda da özünü göstərirdi. Məktəbdə olanda bizə “ağla qərənfil, ağla” şeirini öyrədirdilər. Müharibədə yatmış genetika oyandı. Bu xalq mübarizdir, döyüşkəndir. Hər kəs bilir ki, xalq çox pul xərclədi, əsgərlərlə çiyin-çiyinə döyüşdü. Müharibə bitəndən sonra sanki xalq boşluğa düşdü. Dünənə qədər maraqsız olan məişət problemləri ona böyük görünməyə başladı. İnsanlar sanki möcüzə gözləyirlər ki, bir hərəkətlə hər şey düzələcək. İnsanlar gözləməyi bacarmırlar, aqressiyanın səbəbi budur”.