“Qəbələ” idmançısından hollandiyalı çempion üzərində qələbə – VİDEO

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.