“Qəbələ”-“Kəpəz” oyununda qalmaqal

“Kəpəz” – “Qəbələ” matçının fasiləsində Gəncə stadionunun tunelində hakimlərlə “Qəbələ” rəsmiləri arasında qalmaqal yaşanıb. Hətta hakimlərə fiziki təzyiq edildiyi də iddia olunurdu.

Rekord.az-a daxil olan məlumata görə, tuneldə həqiqətən də hakimlərlə qonaq komandanın nümayəndələri arasında gərgin mübahisə olub. Komandalar tunelə daxil olan zaman “Qəbələ” rəsmləri hakimlərə kəskin etiraz edərək, qapılarına vurulan qolun oyundankənar vəziyyət olduğunu, Nika Kvevkeskiyə isə göstərilən qırmızı vərəqənin düzgün olmadığını bildirib. Görüşün baş hakimi Əliyar Ağayev başını aşağı salıb, “Qəbələ” rəsmilərinə cavab verməsə də onun köməkçisi Rza Məmmədov qonaqların nümayəndələrini ağır sözlərlə təqhir edib. Bundan sonra “Qəbələ” rəsmiləri də yan xətt hakiminə söyüşlə cavab qaytarıblar. Ətrafdakıların müdaxiləsi ilə məsələ dava-dalaş həddinə çatmayıb.

Məsələ ilə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi bəzi məqamları etiraf etdi:

“Hadisə heç də yazılanlar kimi deyil. Söyüş yox, yüksək tonda danışıq, qışqırma olub. Səbəb o idi ki, ofsayt və qırmızı vərəqə epizodlarında hakimlərin haqlı olub-olmadıqlarına əmin deyildik. Çox çətin vəziyət olduğu üçün hakimlərin dəqiq qərar verməsinə şübhəmiz var idi. Hələ də o şübhə var. Çünki o çəkiliş tam dəqiq görüntünü vermir. Təəssüf ki, bizdə əksini sübut edəcək görüntü yoxdur”.

Qeyd edək ki, “Qəbələ”-“Kəpəz” matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Aygün İlqarqızı

Yeniçağ.az