!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələ RLS-lə nəzarəti itirən Rusiya Gümrüdə yeni radar sistemi qurdu

!Reklam – Yazi

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasına 600 kilometrlik ərazini əhatə edən “Nebo-M” radarı yerləşdirib. Yeniçağ.az rus mətbuatına istinadən xəbər verir ki, bu sistem vasitəsilə Rusiya xarici ölkələrin hava sahələrini sıx izləməyi qarşısına məqsəd qoyub. Yeni radarla Gürcüstan və Azərbaycanı bütünlüklə, Türkiyə, İraq və İranın isə yarısını izləmək mümkündür.

Xəbərlə bağlı qeyd edilib ki, Rusiya xarici ölkələrin hava sahəsini öz nəzarətində saxlamaq üçün yenidən Qafqaz bölgəsində fəaliyyətini artırıb. Bu məqsədlə rəsmi Moskva Ermənistanla hərbi əməkdaşlığı artıraraq, Gümrüdəki 102 saylı hərbi bazasına “Nebo-M” radar sistemini quraşdırdı.

Bu, Ermənistanın təhlükəsizliyi baxımından heç bir önəm daşımır. Lakin ermənilər bildirirlər ki, Rusiya bu addımı Azərbaycanın İsraildən satın aldığı “Green Pine” radar sisteminə cavab olaraq atıb. Amma məqsəd Türkiyədə ABŞ və NATO tərəfindən istifadə edilən “İncirlik” hərbi bazasını yaxından izləmək və nəzarət etməkdir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib ki, hələ Sovet dövründə ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması üçün iri radiolakasiya stansiyaları (RLS) yaradılıb:

“Bu, əsasən sərhəd respublikaların ərazisində inşa olunub. Belə sistemlər böyük arealda ərazinin hava hücumundan müdafiəsini təmin etmək məqsədilə yaradılıb. Bunlardan bizim ən çox tanıdığımız Qəbələ RLS olub. Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. İstismara 1985-ci ildə verilib və texniki parametrlərinə görə dünyada anoloqu olmayıb. Bu stansiyanın qurğuları 6000 km. radiusdakı məsafəni – İran, Türkiyə, Hindistan daxil olmaqla bütövlükdə Yaxın Şərqi , həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləyə bilib. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilsə də Rusiyanın icarəsində olub. 2012-ci ilə kimi Rusiya icarə şərtləri ilə buradan istifadə edib. Sonradan isə Rusiya bu RLS-dən imtina edib. Hazırda Novorossiyski ərazisində Rusiyanın daha modern RLS-i yerləşir ki, regionun hava nəzarəti də buradan izlənilir.

Bundan başqa SSRİ Silahlı Qüvvələri hərəkətli (maşın üzərində) RLS-lərin imkanlarından da davamlı olaraq istifadə edib. Bunlardan texniki parametlərinə görə ən uğurlularından biri “Nebo” RLS-ləridir. Sistem 1982-ci ildə silahlanmaya daxil olub. Hərbi nəqliyyat maşınlarının üzərində qurulan RLS ötən dövr ərzində bir neçə dəfə modernləşdirilib. “Nebo-M”də həmin RLS-in modernləşdirilmiş variantıdır. Bu modernləşdirilmiş sistem Rusiya Silahlı Qüvvələrinin silahlanmasına 2012-ci ildən daxil olub. Ölkənin bütün sərhəd bölgələrində hava hücumundan müdafiə qüvvələrinin hərbi bazalarının texnika parkına, o cümlədən də Rusiya Ordusunun Cənub hərbi dairəsinə daxil edilib. Ümumiyyətlə, Rusiya son 3 il ərzində Cənub hərbi dairəsini yeni texniki vasitələrlə gücləndirir.

Məsələn, Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi (CHD) 2017-ci ildə 1,8 min ədəd yeni atıcı silah və hərbi texnika ilə təchiz olunacaqlar. Xidmətə yeni daxil olacaq texnikalar əsasən, zenit-raket kompleksləri (ZRK), döyüş təyyarələri və helikopterlər olacaq. Dairənin hərbi birləşmələrində silahlanmaya “Pançir-S” və “Tunquska-M” ZRK-lar, Su-25SM, Su-24M döyüş təyyarələri, Mi-26, Ka-27M döyüş helikopterləri, “Zoopark-1M”, “Aistenok” radiolakasiya sistemləri, “Qeorqiy Kurbatov” tral gəmisi, “Serqey Balk” dəniz buksiri və digər hərbi-texniki avadanlıqlar veriləcək”.

R.Məmmədli bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Türkiyə ilə sərhəd bölgəsi, o cümlədən də Ermənistandakı 102-ci hərbi baza Cənub hərbi dairəsinin xidməti ərazisi hesab olunur:

“Yəni Rusiya dayanmadan həm də Türkiyə ilə sərhəd bölgəni silahlandırır və bu prosesi 2020-ci ilə qədər tam bitirmək istəyir. O ki qaldı “Nebo-M”in Cənub hərbi dairəsinə verilməsilə Türkiyə tərəfində yaranan narahatlığa, bu, anlaşılandır. Onsuz da Rusiya Türkiyənin hava ərazisində gedən prosesləri illərdir izləyə bilir. Sadəcə, prosesi daha da dərinləşdirməyə çalışır. Bundan başqa Rusiya ilə Ermənistan arasında Hava Məkanının Vahid Müdafiəsi sənədi ilə bağlanan müqaviləyə əsasən də Rusiya Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin RLS-ləri vasitəsilə də Türkiyə ərazisini görə bilir”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv