“Qəbələ” – “Sabah” oyununda insident baş verdi

Qəbələdə eyniadlı komanda ilə “Sabah” arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının IV tur oyununda insident baş verib.

Yenicag.az-ın məlumatına görə, buna qonaqların yarımmüdafiəçisi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib azarkeşlərini qıcıqlandıran hərəkət etməsi səbəb olub.

Almaniyalı oyunçuya dərhal reaksiya verən “qırmızı-qaralar”ın müdafiəçisi Ruan Renato ona hücum çəkib. Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.

Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab “Sabah”ın xeyrinədir – 2:0.