Xəbər verdiyimiz kimi, oktaybrın 17-də Qəbələnin Zərgərli kəndi ərazisində Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimov rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq öldürüb. Bunu görən Məmmədliyevanın nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyev də odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu öldürüb, özü isə yaralanıb.
Yenicag.az hadisənin ilə bağlı bəzi məlumatlar əldə edib.
Gülsadə Məmmədliyevanın oğlunun külli miqdarda borcu olub. Əlibaba Gəncimov isə ona zamin duraraq qarşı tərəfə borclarını ödəyəcəyinə təminat verib. Məmmədliyevanın oğlunun borcu ödəyə bilməməsi səbəbindən borclular Gəncimovu sıxışdırmağa başlayıb. Gəncimov isə onun yaşadığı evə gələrək ətrafa atəş açıb. Məlumata görə, həyətdəki maşına atış açdıqdan sonra Gülsadə Məmmədovanı güllələyib. özü isə onun nəvəsinin qurbanına çevrilib.
Gəncimovu tanıyan rayon sakinlərin Yenicag.az-a verdiyi məlumata görə, o, xarakter etibarilə dəlisov adam olub. Onun haqqında “heç vaxt qabağından yeməzdi” ifadələrini işlədən rayon sakinləri belə bir günün gələcəyini təxmin etdiklərini bildiriblər.
Qeyd edək ki, faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Onu da bildirək ki, hadisənin ilk təfərrüatını “Qafqazinfo” saytı yayıb.