Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qəbələdəki meşə yanğını ilə əlaqədar əməliyyat müşavirəsi keçirildi

Sentyabrın 4-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda əməliyyat müşavirəsi keçirilib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, müşavirədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ rayon icra hakimiyyətinin başçısı, aidiyyəti dövlət qurumlarının və rayonunun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edib.

Əməliyyat müşavirəsində qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məruzə ilə çıxış edərək bildirib ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə – Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınıb. Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılıb və texnikanın hərəkətinə şərait yaradılıb. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir.

E.Mirzəyev məlumat verib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 200 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəliftəyinatlı texnikası, 30 nəfər polis əməkdaşı və 2 təcili tibbi yardım avtomobili və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edir.

Əməliyyat müşavirəsinin sonunda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğının tez bir zamanda söndürülməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələrini verib. Nazir yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin şəxsi heyətinin sayının 630-a, texnikanın sayının isə 51-ə çatdırılması barədə göstəriş verib.

Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılması üçün zəruri tədbirlər görmələrinin vacibliyini diqqətə çatdırıb.

www.yenicag.az

542