Qəbələnin Laza kəndinə gedən yolu sel apardı

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.