“Qəbul ediləcək yeni qanun partiyaların fəaliyyət və maliyyə imkanlarını artırmalıdır” – Partiya sədri

“Cəmiyyətdə siyasətə və partiyalara münasibət onların iştirakçılıq səviyyəsinə bağlıdır”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin fikrincə, siyasi partiyalar haqqında qanunun və seçki qanunvericiliyinin uzlaşdırılması arzuediləndir:

“Siyasi partiyalar haqqında qanunun qəbulu vacib idi. Mövcud qanuna zaman-zaman dəyişiklik və əlavələr edilsə də, artıq cəmiyyətdə siyasi mühitin tənzimlənməsi üçün yeni qanunun qəbuluna ehtiyac vardı. Əlbəttə, açıqlanan layihə hələ son variant deyil. Layihə ictimaiyyətin müzakirəsinə verilib və parlamentdə də yekun müzakirələr keçiriləcək.

Bir çox partiyalar, o cümlədən bizim partiya da yeni qanunla əlaqədar öz təkliflərini təqdim edib. Amma çox arzulayırıq ki, yeni qanun partiyalar üzərində nəzarət mexanizmi yox, onların fəaliyyətinə yardım kimi nəzərdə tutulsun, cəmiyyət daha çox siyasiləşsin. Ən əsası, cəmiyyətdə ictimai nəzarət və iştirakçılıq təmin olunsun.

Eyni zamanda, siyasi partiyalar haqqında qanunun və seçki qanunvericiliyinin uzlaşdırılması da çox arzuedilən məsələdir. Siyasi partiyaların real gücünün ortaya çıxması üçün ölkədə proporsional və qarışıq seçki sisteminin tətbiqi məqsədəuyğundur.

Yeni layihədə siyasi partiyaların yaradılması, fəaliyyəti, qeydiyyatı və başqa məsələlərə dair müddəalar yer alıb. Nəzərə alaq ki, siyasi partiyaların məqsədi hakimiyyətə gəlməkdir. Bunun üçün seçki sistemində dəyişikliklər həyata keçirilməlidir ki, iştirakçılıq təmin edilsin.

Sizinlə ötən söhbətlərdə də bildirmişdim ki, ölkədə başqa istiqamətlərdə də islahatlar aparılmalı, yeni idarəetməyə üstünlük verilməli, icra strukturları aradan çıxarılmalıdır və sair. Partiyaların verilən hüquqla yanaşı, həm də məsuliyyəti onlarla bölüşmək lazımdır.

Cəmiyyətdə siyasətə və partiyalara münasibət onların iştirakçılıq səviyyəsinə bağlıdır. Əgər bunlar olmayacaqsa, qanunun məzmunundan asılı olmayaraq, cəmiyyətdə siyasətə maraq artmayacaq. Lakin insanların öz talelərinə biganə qalmamaları üçün siyasi mühitin sağlam olması lazımdır.

Təbii ki, yeni qanun layihəsində yetərincə normal müddəalar da var və qüvvədə olan qanundakı boşluqları doldurmağa çalışıblar. Artıq bəzi partiyalar bu layihəyə münasibət bildirib. Bu layihə yekun variant olmadığı üçün biz də hələ ki son sözümüzü deməmişik. Son variantla bağlı mövqeyimizi ifadə edəcəyik. Hesab edirik ki, yeni qanunun qəbulu siyasi mühitdə fəaliyyəti asanlaşdırmalı, iştirakçılığı təmin etməli, partiyaların fəaliyyət və maliyyə imkanlarını artırmalıdır”.

A.Zeynalov