Qəzza zolağındakı qruplaşmanın lideri Yəhya əs-Sinvar Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. O, keçən həftə Tehranda öldürülən İsmayıl Haniyənin yerinə keçib. Təhlilçilər deyirlər ki, bu təyinat HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə hücumundan sonra tutduğu radikal istiqaməti təsdiqləyir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinvar bu hücumun təşkilatçılarından biri adlanır, nəticədə 1,2 minə yaxın israilli və əcnəbi öldürülüb, 250-dən çoxu girov götürülüb. Buna cavab olaraq İsrail genişmiqyaslı hərbi əməliyyata başlayıb və bu əməliyyat indiyədək 40 minə yaxın fələstinlinin həyatına son qoyub və əhalinin sıx məskunlaşdığı anklavı məhv edib.
Məlumata görə, Sinvarın təyin olunması İsrailin Qəzza müharibəsini dayandırmaq məqsədi daşıyır.
Yəhya əs-Sinvar kimdir?
Yetkinlik həyatının yarısını İsrail həbsxanalarında keçirən Yəhya Sinvar HƏMAS-ın həyatda olan ən güclü lideridir.
Onun 61 yaşı var və Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki qaçqın düşərgəsində anadan olub. HƏMAS-ın hərbi qanadının yaradıcılarından biri və yaraqlıların daxili təhlükəsizlik bölməsinin həmtəsisçisidir. O, İsrail tərəfindən üç dəfə – 1982, 1985 və 1988-ci illərdə həbs edilib. 2011-ci ildə o, İsrail ordusunun əsgəri Gilad Şalitin dəyişdirilməsi çərçivəsində İsrail həbsxanasından azad edilib. 2015-ci ildə ABŞ Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.
2017-ci ildə Sinvar Qəzza zolağında HƏMAS-ın lideri seçilərək fələstinlilər arasında İsrailin amansız və barışmaz düşməni kimi şöhrət qazanıb. Qəddarlığına görə o, “Xan Yunisin qəssabı” ləqəbini alıb.
İsrailin ali hərbi sözçüsü, kontr-admiral Daniel Hagari Sinvarı 7 oktyabr hücumunu təşkil etməkdə ittiham edib və İsrailin onu təqib etməyə davam edəcəyini bildirib:
“Yəhya Sinvar üçün yalnız bir yer var, o da Məhəmməd Deif və qalan 7 oktyabr terrorçularının yanındadır. Bu, onun üçün hazırladığımız yeganə yerdir.”
İsrailin xarici işlər naziri İsrael Katz HƏMAS-ın yeni liderinin tezliklə sıradan çıxarılmasını tələb edib.
HƏMAS-ın sözçüsü Usamə Həmdan Qətərin Əl-Cəzirə televiziyasına bildirib ki, hərəkat razılığa gəlməyə sadiqdir və Haniyənin rəhbərliyi altında danışıqlar aparan komanda Sinvarın rəhbərliyi altında işləməyə davam edəcək və o, danışıqları yaxından izləyir./unikal