Qələbə hər iki meydanda bizimdir…

44 günlük müharibə və möhtəşəm Qələbə!

Azərbaycan xalqı, dövləti və ordusu bir münaqişə ocağını söndürdü. Əslində müharibə olmalı idimi? Biz buna hazır idikmi? Müharibə olsaydı, hansı təzyiqlərlə üzləşə bilərdik? Qonşularımızın bizə qarşı mövqeləri necə olardı? Bu kimi suallar təbii ki, hər kəsi düşünməyə vadar edirdi. Bəs biz müharibə edəcəyimizə inanırdıqmı? Özümüzdə o ruhu hiss edirdikmi? Hər şey ani başladı və bir andaca bitdi. Döyüş meydanında böyük qələbə qazandıq. Hətta döyüş taktikamız nəhəngləri də maraqlandırdı. Qələbə twitləri ard-arda gəldi. Torpaqlarımız işğaldan azad edildi. Bir gözümüz güldü, bir gözümüz ağladı…

Hazırda müharibə diplomatıya meydanında davam edir. Burada da dünyaya diplomatiya dərsi keçirik. Xaricdən böyük təzyiqlərlə üzləşirik. “Demokratiya” carçısı ölkələr işğalcı, vəhşi, vandal ölkəni müdafiə edir, haqq qazandırır və etdikləri vəhşiliklərə, terrora göz yumurlar. Beynəlxalq təşkilatların aparıcı ölkələri olan bu “demokratlar” öz gözlərində tiri görmürlər. Azərbaycan onların edə bilmədiyini, öz gücü ilə etdi. 27 il hər bir danışığa getdik. Azərbaycan işğal olunmuş ərazilərinin sülh yolu ilə qaytarılmasını, beynəlxalq hüquqa hörmət etdiyini bəyan və nümayiş etməklə yanaşı, beynəlxalq ictimaiyyətdən haqqın bərpa olunmasını tələb edirdi. Ancaq cavabında ədalətsizliklə üzləşirdi. Bunu ölkə başçısı istər müharibə vaxtı, istərsə də ondan öncə hər çıxışında, xalqa müraciətində, xarici mediaya müsahibəsində bildirirdi.
Müharibə bitdi. Hazırda Azərbaycan dünyaya diplomatiya, beynəlxalq hüquq, geosiyasət dərsi keçir. Bunu da Qərbin “demoktarik” ölkələri həzm edə bilmir. Qarşılığında bizim üçün kağız parçasından başqa heç bir mənası olmayan qərarlar qəbul edir, beynəlxalq təşkilatlara sanksiyalarla bağlı təkliflər ünvanlayır. Dözümsüzlük, haqqa kor olmaq, işinə gəlməyəndə özünü haqlı çıxarmaq belə ölkələrin “xarakteri”di. Onların demokratiya düşüncəsi işğalçını dəstəkləmək, həqiqətləri danmaqdan başqa bir şey deyil. Sözün həqiqi mənasında onlardan demokratiya gözləmək də sadəlövhlük olar. Çünki özləri də tarixən işğalçı, talançı, vəhşi ölkələr olublar. Fransanın Amerika, Afrika, Hind Okeanı, Orta Şərq, Uzaq Şərqdə müstəmləkə və irqi diskriminasiya siyasəti, işğalçılığı, törətdiyi dəhşətli qırğınlar, İngiltərənin Hindistanda, İspaniya və Portuqaliyanın Cənubi Amerikada, Rusiyanın Qafqazda, Amerikanın müsəlman ölkələrində törətdiyi qırğınlar, Faşist Almaniyasının dünyanı işğal etmək arzusu bu ölkələrin bariz “demokratiya” nümunələridi. Xislətində işğalçılıq olan dövlətlərdən ancaq bu münasibəti görə bilərdik. Onların da cavabı siyasət meydanında layiqincə verilir. Biz bu müharibədə bir olduq, həmrəy olduq, böyüdük, hörmətimiz artdı, mövqeyimiz bəlli oldu, dünya Azərbaycanı tanıdı, bir sözlə, ucaldıq. Qələbə hər iki meydanda bizimdir!

Səbuhi QAFAROV