Reklam: High Technic
hightechnic

Qələbə ilə qayıdan futbolçular – “Biz bunu bacardıq”

Reklam: High Technic

Azərbaycan millisi Qətərlə yoldaşlıq oyunu keçirib. Görüş 2:1 hesabı ilə millimizin qələbəsi ilə başa çatıb. Matçla bağlı millimizin üzvləri AFFA-nın rəsmi saytına müsahibə verib. Yeniçağ.az futbolçuların oyunla bağlı rəylərini təqdim edir:

İlk dəfə millimizin formasını geyinən gənc hücumçu Mahir Mədətov:

“Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.
Yığmanın futbolçusu Namiq Ələsgərov:

“Oyun həm maraqlı, həm də çətin keçdi. Almaniya ilə oyunöncəsi yaxşı təcrübə qazandıq. Meydanda bərabər səviyyədə mübarizə getdi. Hər iki komandanın real qol epizodları oldu. Bu matç bizdə özünəinamı artırdı. Almaniya ilə qarşılaşmada hansı taktiki sxemlə oynayacağımıza baş məşqçi qərar verəcək. Bizim işimiz həmin matça ciddi hazırlaşmaqdır”.

Millimizin ilk qolunu vurmuş Tərlan Quliyev:

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək.
Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir.
Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.

Milli komandamızın üzvü Rauf Əliyev:

“Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu.

Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.

Yeniçağ.az

www.yenicag.az

74