Qələbə planı ilə bağlı fərqli TƏSNİF: “Rusiya sovet dövrünün davamını yaşayır”

“Ukrayna prezidentinin “Qələbə planı”nı bir qədər fərqli təsnif edərdim. O ki yaz gələndə birdən tufan olur, yağış, qar tökür və adamda məyusluq yaranır ki, artıq yenə də soyuqlar başlayacaq. Amma real düşünən insanlar bilirlər ki, gec-tez gün çıxacaq, isti olacaq və yaz gələcək. Yəni hazırda Rusiya-NATO və Rusiya-Ukrayna arasında gedən proseslər buna bənzəyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı deyib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin ötən gün Ukrayna Ali Radasında təqdim etdiyi “Qələbə planı” ilə bağlı fikirləri, habelə Rusiyanın ekspansionist siyasətinin pərdəarxası məqamlarını analiz edib.

M. Zülfüqarlı xatırladıb ki, Rusiya imperiya ölkəsidir, orta əsrlərə xas bir siyasət yürüdür və onun siyasətini heç bir normal ölkə qəbul edə bilməz:

“Çünki Rusiyanın siyasəti işğal etmək, qənimət ələ keçirmək və başqasının varidatına sahib çıxaq çıxmaqdan ibarətdir. Amma XXI əsr belə ölkələri qəbul etmir axı? XXI əsr normal həyat, islahatlar, özəl mülkiyyətə hörmət, özəl biznesin inkişafına şərait yaradılması, yeri özünüidarənin formalaşması və s. amilləri qəbul edir. Yəni dünya bu modelləri görüb”.

Onun sözlərinə görə, əvvəl qapalı sovet cəmiyyətində yaşayanlar elə bilirdilər ki, bundan yaxşısı yoxdur:

“Amma dağılandan sonra gördük ki, ən pisi elə bu imiş. İndi də Rusiya sovet dövrünün davamını yaşayır, onun varisi kimi çıxış edir və SSRİ-ni bərpa etməyə çalışır. Lakin artıq insanları buna vadar etmək olmaz, çünki bütün dünyada qloballaşma siyasəti gedir və istənilən yalanın üstü o dəqiqə açılır. Rusiya çalışmalı idi ki, öz xalqına bir gün ağlasın, Rusiyada nümunəvi bir cəmiyyət yaransın ki, qonşular da baxıb ona meyllənsin. Əgər Rusiya öz xalqını yaşada bilmirsə, başqa xalqlar niyə ona meyllənməlidir?

Odur ki, Volodimir Zelenskinin “Qələbə planı” ilə bağlı fikirləri obyektivliyi əks etdirir. Doğrudur, buna vaxt qoymaz olmaz ki, haçan olacaq? Amma yazın gəlişi kimi müharibənin bitməsi mütləq olmalıdır və olacaq da”.

Rafi Müslümov

COP29